Livanın cənubunda daha bir İsrail hərbçisi həlak olub

Digər ölkələr
  • 14 aprel, 2026
  • 08:37
Livanın cənubunda daha bir İsrail hərbçisi həlak olub

İsrail Müdafiə Qüvvələrinin (İMQ) hərbi qulluqçusu Livanın cənubunda keçirilən döyüş əməliyyatları zamanı həlak olub, daha üç nəfər isə yaralanıb.

"Report" xəbər verir ki, bu barədə İMQ-nin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Livanın cənubunda radikal "Hizbullah" hərəkatının yaraqlıları ilə silahlı toqquşmalar zamanı 30 yaşlı yanğınsöndürən maşın sürücüsü həlak olub, ehtiyatda olan üç əsgər isə yaralanıb.

Bildirilib ki, xəsarət alan hərbi qulluqçular lazımi yardım göstərilmək üçün tibb müəssisəsinə çatdırılıblar.

Daha əvvəl məlum olub ki, aprelin 10-da iki həftəlik mühasirədən sonra İsrail ordusunun bölmələri Livanın cənub hissəsində yerləşən Bint-Cübeyl şəhərinin şimal və şərq kənarlarının təmizlənməsinə başlayıblar. Bint-Cübeyl Litani çayından cənubda yerləşən ən böyük yaşayış məntəqəsidir və İsrail tərəfindən yaradılan bufer zonasına daxil edilməsi planlaşdırılan "ikinci xətt" şəhərlərinə aiddir.