Livan parlamenti ümumi amnistiya haqqında qanunu təsdiqləyib

Digər ölkələr
  • 13 avqust, 2026
  • 08:49
Livan parlamenti ümumi amnistiya haqqında qanunu təsdiqləyib

Livan parlamenti ümumi amnistiya və həbs müddətlərinin azaldılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Bu, 1990-cı ildə ölkədə vətəndaş müharibəsi başa çatdıqdan sonra həyata keçirilən ən genişmiqyaslı belə addım hesab olunur.

"Report"un "Arab News"a istinadən verdiyi məlumata görə, qanun çərşənbə axşamı axşam saatlarından çərşənbə günü səhərədək davam edən uzun siyasi mübahisələrdən sonra adbaad səsvermə yolu ilə qəbul edilib.

Hazırda Livan həbsxanalarında təxminən 8 min məhbus və məhkəməsini gözləyən şəxs saxlanılır.

Qanuna əsasən, 14 ildən çox müddət ərzində məhkəmə hökmü olmadan həbsdə saxlanılan şəxslər azad edilməlidir. Bununla belə, onların işləri üzrə məhkəmə araşdırmaları davam etdiriləcək.

Amnistiya artıq təyin olunmuş cəza müddətini başa vurmasına baxmayaraq, cərimələri ödəyə bilmədikləri üçün həbsdə saxlanılan şəxslərə də şamil olunacaq.

Qanunun təsir dairəsinə narkotik vasitələrdən istifadə və narkotiklərlə əlaqəli bəzi cinayətlərə, eləcə də oğurluğa görə məhkum edilmiş şəxslərin müəyyən kateqoriyaları da daxildir. Bununla yanaşı, təkrar cinayət törədənlər də daxil olmaqla, bəzi kateqoriyalar üçün istisnalar nəzərdə tutulub.

Qanun həmçinin xaricdə yaşayan bəzi Livan vətəndaşlarına ölkəyə qayıtmaq imkanı verir.

Amnistiya terrorçuluq, hərbi cinayətlər, dövlətə xəyanət və casusluq da daxil olmaqla bir sıra ağır cinayətlər törətmiş şəxslərə şamil edilməyəcək.

44 - Tezliklə