Le Pen: Məhkəmənin qərarı Fransadakı demokratik proseslərə təsir göstərə bilər
- 05 iyul, 2026
- 03:55
Yeniliklərdən dərhal xəbərdar olun!
Fransanın "Milli Birlik" partiyasının parlament fraksiyasının lideri Marin Le Pen bildirib ki, Paris Apellyasiya Məhkəməsinin onun işi üzrə qərarı ölkədəki demokratik proseslərə ciddi təsir göstərə bilər.
"Report" xarici mediaya istinadən xəbər verir ki, Pa-de-Kale departamentində tərəfdarları qarşısında çıxış edən siyasətçi qarşıdan gələn məhkəmə qərarının nəticələrinin tarixi ola biləcəyini vurğulayıb.
Le Pen həmçinin Fransa Prezidenti postu uğrunda mübarizə aparmaq niyyətində olduğunu bildirib. Eyni zamanda o qeyd edib ki, əgər məhkəmə seçkilərdə iştirak qadağasını qüvvədə saxlasa, partiya lideri Jordan Bardellanın namizədliyini dəstəkləyəcək.
Qeyd edək ki, Paris Apellyasiya Məhkəməsi Le Penin şikayəti üzrə qərarını iyulun 7-də elan edəcək. 2025-ci ilin martında birinci instansiya məhkəməsi onu Avropa Parlamentinin vəsaiti hesabına köməkçilərin saxta işə götürülməsi işi üzrə təqsirli bilərək, dörd il müddətinə azadlıqdan məhrumetmə (iki il şərti və iki il elektron qolbaqla) cəzasına məhkum edib, həmçinin beş il müddətinə seçkili vəzifələr tutmasını və seçkilərdə iştirak etməsini qadağan edib.
Əgər apellyasiya instansiyası bu qərarı qüvvədə saxlasa, Le Pen 2027-ci il prezident seçkilərində namizədliyini irəli sürə bilməyəcək.