KXDR nüvə potensialını gücləndirmək istəyir
- 10 iyul, 2026
- 08:30
Koreya Xalq Demokratik Respublikasının (KXDR) hökuməti nüvə qüvvələrinin həm keyfiyyət, həm də kəmiyyət baxımından gücləndirilməsi barədə qərar qəbul edib.
"Report" Koreya Mərkəzi Teleqraf Agentliyinə istinadən xəbər verir ki, müvafiq qərar ölkə lideri Kim Çen Inın sədrliyi ilə Koreya Əmək Partiyası 9-cu çağırış Mərkəzi Hərbi Komitəsinin genişləndirilmiş iclasında qəbul edilib.
İclas zamanı döyüş sistemlərinin texniki infrastrukturunun modernləşdirilməsi və ölkənin nüvə potensialının daha da inkişaf etdirilməsi üzrə tədbirlər təsdiqlənib.
Bundan əlavə, Kim Çen In Mərkəzi Hərbi Komitə tərəfindən baxılmış əsas hərbi məsələlərə dair yeddi əmr imzalayıb.
Daha əvvəl KXDR lideri donanmanın strateji vasitələrə malik tamhüquqlu silahlı qüvvələr növünə çevrilməli olduğunu vurğulayaraq, ölkənin hərbi dəniz qüvvələrini nüvə silahı ilə təchiz etmək niyyətində olduğunu bəyan edib.