KXDR Cənubi Koreyanı ən düşmən dövlət adlandırıb

Digər ölkələr
  • 08 aprel, 2026
  • 05:29
KXDR Cənubi Koreyanı ən düşmən dövlət adlandırıb

Pxenyandan bildirilib ki, qonşu dövlətin hava məkanına pilotsuz uçuş aparatlarının (PUA) müdaxiləsi insidenti ilə əlaqədar Prezident Li Çje Myonun ifadə etdiyi təəssüfə baxmayaraq, Koreya Respublikası Koreya Xalq demokratik Respublikası (KXDR) üçün ən düşmən ölkə olaraq qalır.

"Report" xəbər verir ki, bu barədə KXDR xarici işlər nazirinin birinci müavini, xarici siyasət idarəsinin 10-cu departamentinin direktoru Çan Qım Çxolun Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) tərəfindən yayılan bəyanatında deyilir.

Onun sözlərinə görə, Cənubi Koreyanın KXDR üçün "ən düşmən" və "iyrənc dövlət" kimi mahiyyəti onun rəhbərliyinin bəyanatlarından və hərəkətlərindən asılı olmayaraq dəyişmir.

Çan Qım Çxol xatırladıb ki, aprelin 6-da Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo Çjon mətbuat üçün bəyanatla çıxış edib və bu bəyanatında Koreya Respublikası Prezidentinin PUA ilə bağlı insidentə reaksiyasını müsbət qiymətləndirib. O zaman Li Çje Myon lazımsız hərbi gərginliyə gətirib çıxaran "məsuliyyətsiz və ehtiyatsız hərəkətlər"ə görə təəssüfləndiyini bildirib.

Kim Yo Çjon bu addımı olduqca ümidverici və müdrik davranış adlandırıb, Cənubi Koreya liderinin mövqeyini isə dürüst və alicənab kimi səciyyələndirib. Bununla yanaşı, o, Seulu KXDR-ə qarşı ehtiyatsız təxribatlardan imtina etməyə və Pxenyanla əlaqə qurmaq cəhdlərini dayandırmağa çağırıb, əks halda Koreya Respublikasını böyük bədəl ödəyəcəyi barədə xəbərdarlıq edib.

KXDR XİN rəhbərinin müavininin fikrincə, Seulda bu sözlərin mənasını səhv təfsir ediblər. O, Cənubi Koreya dairələrində, o cümlədən Prezident administrasiyasında səslənən qiymətləndirmələri kəskin tənqid edərək onları absurd adlandırıb.

Çan Qım Çxolun iddiasına görə, Pxenyanın xəbərdarlığının əsas mənası bundan ibarətdir: Cənubi Koreya sakitlik istəyirsə, KXDR-ə toxunmamalıdır.

Daha əvvəl, yanvarın əvvəlində KXDR hərbçiləri bildiriblər ki, sentyabrın 27-si və yanvarın 4-də Koreya Respublikası ərazisindən buraxılan PUA-lar ölkənin hava sərhədini pozub. Seul isə ordunun belə addımını təkzib edib. Cənubi Koreya səlahiyyətliləri fərdi şəxslərin mümkün iştirakı versiyası ilə bağlı təhqiqata başlayıblar.