Koşta Aİ liderlərini Kopenhagendə qeyri-rəsmi görüşə dəvət edib
- 19 sentyabr, 2025
- 14:52

Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Antoniu Koşta Aİ üzvlərinə dövlət və hökumət başçılarının qeyri-rəsmi görüşündə iştirakla bağlı dəvət məktubu göndərib.
"Report" Aİ Şurasının mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbir Danimarkanın Baş naziri Mette Frederiksenin dəvəti ilə oktyabrın 1-də Kopenhagendə keçiriləcək.
A.Koştanın sözlərinə görə, iclasın gündəliyində iki əsas məsələyə - Avropanın ümumi müdafiə hazırlığının gücləndirilməsi və Ukraynaya dəstəyin artırılmasına xüsusi diqqət yetiriləcək.
O vurğulayıb ki, Rusiyanın son vaxtlar Polşa və Rumıniyanın hava məkanını pozması təhlükəsizlik sahəsində səylərin dərinləşdirilməsinin vacibliyini nümayiş etdirib.
"Biz bu günün və gələcəyin təhdidlərinə səmərəli və birgə cavab verə bilən Avropa qururuq. Aİ-nin iddialı hədəfi 2030-cu ilə qədər müdafiə hazırlığını artırmaqdır", - sədr qeyd edib.
Müzakirə ediləcək məsələlər arasında təchizatın sürətləndirilməsi və birgə imkanların inkişafı, Aİ-nin şərq cinahına dəstək, həmçinin daha səmərəli koordinasiya üçün Şurada müdafiə nazirlərinin rolunun gücləndirilməsi də yer alır.
Kopenhagendə Ukrayna xüsusilə diqqət mərkəzində olacaq.
A.Koşta bildirib ki, Aİ və üzv dövlətlər Kiyevə etibarlı dəstəyi təmin etməli, Rusiyaya təzyiqi davam etdirməli və Ukraynanın Aİ-yə üzvlüyü prosesinə kömək etməlidirlər.