Kos: Aİ ölkələri hələ ki Serbiyanın Avropaya inteqrasiyası üzrə konsensusa nail ola bilməyiblər
- 14 iyul, 2026
- 12:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Serbiya Avropa İttifaqının (Aİ) iyulun 14-də genişlənmə üzrə hökumətlərarası konfranslar keçirdiyi dörd namizəd ölkə sırasına daxil olmayıb, çünki Aİ-yə üzv dövlətlər üçüncü danışıqlar klasterinin açılması barədə konsensus əldə edə bilməyiblər.
"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə genişlənmə məsələləri üzrə Avropa komissarı Marta Kos bəyan edib.
"Biz Serbiyadan Avropa İttifaqı ilə daha sıx strateji yaxınlaşmaya hazır olduğuna dair siqnallar alırıq. Əgər ölkə lazımi şərtləri yerinə yetirərsə, proses davam edəcək", - Kos bildirib.
O vurğulayıb ki, istənilən namizəd ölkənin irəliləyişi bir neçə amildən - namizədin özü tərəfindən zəruri islahatların həyata keçirilməsindən, Aİ ölkələrinin özlərinin danışıqlar prosesinin daha da irəliləməsini dəstəkləməyə hazır olmasından və s. asılıdır.
M.Kos Serbiya ilə yeni danışıqlar klasterinin açılması üzrə konsensusun nə vaxt əldə oluna biləcəyini proqnozlaşdırmayıb.