KİV: ABŞ Venesuelada çevrilişin təşkili üçün əməliyyat keçirə bilər
- 07 oktyabr, 2025
- 04:20

ABŞ Prezidenti Donald Tramp öz administrasiyasına Venesuela ilə gərginliyin artmasının diplomatik həlli istiqamətində bütün cəhdləri dayandırmaq göstərişi verib.
"Report" xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
Məlumata əsasən, Venesuela hakimiyyəti, o cümlədən Bolivar Respublikasının Prezidenti Nikolas Maduro ilə ABŞ tərəfindən danışıqları artıq bir neçə aydır Amerika liderinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Riçard Qrenell aparırdı. Bununla birlikdə, ötən həftə Tramp Qrenellə bu istiqamətdə bütün diplomatik əlaqələri dayandırmaq göstərişi verib. Nəşrin qeyd etdiyinə görə, Dövlət Departamentinin rəhbəri Marko Rubio Qrenellin səylərinin faydasız olduğu qənaətinə gəlib.
Nəşr bildirib ki, hadisələrin bu cür inkişafı iki ölkə arasında gərginliyin artmasına yol açır və Tramp administrasiyası gərginliyin artması halında döyüş əməliyyatlarının aparılması üçün bir neçə plan hazırlayıb. Həmin plana Maduro hökumətini devirmək üçün əməliyyatların da daxil olduğu ehtimal edilir.