KİV: "Tesla" elektromobillərin satışında liderliyini itirib
- 03 yanvar, 2026
- 08:57
Amerikalı sahibkar İlon Maskın rəhbərlik etdiyi "Tesla" şirkəti 2025-ci ildə dünyada elektromobillərin satışında liderliyini ilk dəfə Çinin BYD-sinə verib.
"Report"un məlumatına görə, bu barədə "Bloomberg" xəbər yayıb.
Məlumata görə, "Tesla"nın elektromobil tədarükləri ardıcıl ikinci ildir azalır; keçən il bu rəqəm təxminən 9 % azalıb. Bu arada, Çin avtomobil istehsalçısı tədarüklərinin ardıcıl beşinci rübdə artdığını qeydə alıb.
Agentlik Amerika şirkətinin problemlərini zavodlarında istehsalın yenidən təşkilini tələb edən "Tesla Y" modelinin yenilənməsi ilə əlaqələndirir. BYD həmçinin Amerikalı rəqibindən daha geniş model çeşidinə malikdir. Bundan əlavə, Çin şirkətinin elektromobillərinin əksəriyyəti "Tesla"nın ən populyar modelləri olan "Model Y" və "Model 3"dən daha ucuzdur.
Agentliyin qiymətləndirməsinə görə, "Tesla"nın fəaliyyətinə Maskın siyasi fəaliyyəti, Respublikaçılar Partiyasına və ABŞ Prezidenti Donald Trampa yaxınlığı və ABŞ Hökumətinin Səmərəliliyi İdarəsinə (DOGE) nəzarəti mənfi təsir göstərib.
"Bloomberg" qeyd edib ki, BYD ABŞ bazarında təmsil olunmur və Çində yüksək rəqabət mühitində fəaliyyət göstərir.