İngiltərədə qatarda bıçaqlanan 9 nəfərin həyatı təhlükədədir - YENİLƏNİB
- 02 noyabr, 2025
- 06:05
İngiltərənin Kembricşir qraflığında qatarda sərnişinlərə bıçaqla hücum zamanı 10 nəfər xəstəxanaya yerləşdirilib, onlardan doqquzunun həyatı təhlükə altındadır.
"Report"un məlumatına görə, bu barədə polisin açıqlamasında bildirilir.
Kembricşir Polisi iki nəfərin saxlanıldığını təsdiqləyib. Hadisə yerinə çoxsaylı təcili tibbi yardım maşınları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Polisin terrorla mübarizə bölməsinin əməkdaşları istintaqa kömək edir.
İngiltərədə qatar sərnişinlərinə bıçaqla hücum terror aktı ola bilər.
"Report"un məlumatına görə, "The Daily Mail" 10 nəfərin yaralandığını yazıb.
Qəzetin yazdığına görə, hüquq-mühafizə orqanları ölkənin şimalındakı Donkaster şəhərindən Londona gedən qatarda insidentlə bağlı xəbərlərə cavab olaraq PLATO kodunu aktivləşdirib.
Bu kod Böyük Britaniyada polis və fövqəladə hallar xidmətləri tərəfindən aktiv terror hücumunu göstərmək üçün istifadə olunur.
Kod sonuncu dəfə oktyabrın 2-də Mançesterdə sinaqoqda törədilən terror aktı zamanı aktivləşdirilib. Məqalədə bildirilir ki, ümumilikdə 30 polis əməkdaşı sürətlə hadisə yerinə gəlib.
Rəsmi məlumata görə, iki nəfər saxlanılıb. Bir neçə yaralı xəstəxanalara çatdırılsa da, onların sayı rəsmi olaraq açıqlanmır.
Hadisə qatar Piterboro platformasından ayrıldıqdan 10 dəqiqə sonra baş verib və sərnişinlər tualetlərdə gizlənməyə cəhd ediblər.
Daha sonra bildirilib ki, qatar Hantinqdon platformasında dayandıqdan sonra polis bıçaqlı kişini zərəsişləşdirib. Hadisənin şahidləri müxtəlif sayda yaralıların olduğunu bildiriblər. Bəziləri 6-8 yaralı olduğunu, bəziləri isə 12 nəfərin olduğunu deyir.
Hazırda qatar hələ də Hantinqdonda saxlanılır. Yerli mətbuatın yaydığı görüntülərə görə, polis araşdırma aparır. Fotoda sərnişinlərin qatarın hər iki tərəfinə səpələnmiş əşyaları əks olunub və həmin əşyalar məhkəmə-tibb ekspertləri tərəfindən yoxlanılır.