KİV: HƏMAS altı fələstinli xadimin həbsdən azad olunmasında israr edir

Digər ölkələr
  • 06 oktyabr, 2025
  • 18:49
KİV: HƏMAS altı fələstinli xadimin həbsdən azad olunmasında israr edir

HƏMAS hərəkatı İsraillə razılaşma çərçivəsində ən azı altı fələstinli xadimin həbsdən azad edilməsində israr etməyə davam edir.

"Report" xəbər verir ki, bu iddia ilə Misirin "Al-Ghad" telekanalı çıxış edib.

Telekanalın məlumatına görə, HƏMAS israilli girovların azad edilməsi müqabilində buraxılacaq məhbusların siyahısına FƏTH hərəkatının liderlərindən biri olan Mərvan Bərquti və Fələstinin Azadlığı uğrunda Xalq Cəbhəsinin baş katibi Əhməd Səadətin daxil edilməsini tələb edir. Bazar ertəsi axşam Misirin Şarm əş-Şeyx şəhərində aparılacaq danışıqlarda HƏMAS ilk növbədə məhz mübadilə və Qəzza zolağında atəşkəs məsələlərini müzakirə etməyi planlaşdırır.

Bildirilib ki, hərəkat nümayəndələri məsləhətləşmələrdən əvvəl misirli vasitəçilərindən İsrailə təzyiq göstərməyi və anklavda döyüş əməliyyatlarının yenidən başlanmayacağına dair zəmanətlər əldə etməyi tələb ediblər. HƏMAS rəhbərliyi həmçinin danışıqlar prosesinin İsrail hökumətinin günahı üzündən uzana biləcəyindən narahatlığını ifadə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti