KİV: Britaniya şirkətlərinin 1/4-dən çoxu süni intellektə görə işçilərin ixtisar ediləcəyini gözləyir
- 10 noyabr, 2025
- 07:42
Süni intellektin təsiri Böyük Britaniyadakı hər dörd iri şirkətdən birində mütəxəssislərin işdən çıxarılmasına səbəb olacaq.
"Report" xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti Britaniya işəgötürənləri arasında keçirilən sorğuya istinadən məlumat yayıb.
Sorğunun nəticələrinə görə, iri müəssisələrin dörddə birindən çoxu 2026-cı il ərzində süni intellektin təsiri səbəbilə işçi sayının azaldılmasını gözləyir. Ən çox risk altında olanlar aşağı vəzifələrdə çalışanlardır.
Böyük Britaniyanın Kadrlar və İnkişaf İnstitutunun məlumatına görə, özəl sektorun iri şirkətlərinin 26%-i və dövlət təşkilatlarının 20%-i öz fəaliyyətlərini optimallaşdırmaq üçün növbəti 12 ay ərzində işçilərin ixtisarına hazırlaşır.
İnstitutun araşdırması göstərib ki, dəyişikliklər maliyyə xidmətləri sahəsinə təsir edəcək, burada işəgötürənlərin 37%-i süni intellekt səbəbilə iş yerlərinin azalmasını gözləyir. Ardınca İT sənayesi gəlir ki, burada işəgötürənlərin 26%-i işçilərin sayının azaldılmasına hazırlaşır. Hüquq, mühasibat və konsaltinq sektorlarına isə 24%-lik pay düşür.