Azərbaycanda 9 ayda "yaşıl enerji" hesabına 840 milyon kubmetr qaza qənaət edilib
- 20 oktyabr, 2026
- 13:03
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda bütün növ bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalı hesabına 840 milyon kubmetr təbii qaza qənaət edilib.
"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "Azərbaycan" qəzetində dərc olunmuş məqaləsində bildirib.
Onun sözlərinə görə, Azərbaycanda elektrik enerjisi istehsalının strukturunda bərpa olunan enerji mənbələrinin payı nəzərəçarpacaq dərəcədə artır: "Belə ki, ötən il ölkədə istehsal olunan 28,7 milyard kVt/saat elektrik enerjisinin 13,4 %-i bərpa olunan mənbələrin payına düşdüyü halda, cari ilin ilk doqquz ayında istehsal edilmiş 21,2 milyard kVt/saat elektrik enerjisində bu göstərici 20 %-ə yüksəlib. Bu sahədə mühüm nəticələrdən biri də Naxçıvan Muxtar Respublikasında əldə olunub. Belə ki, cari ilin aprelin 21-dən iyulun 2-dək Naxçıvanın elektrik enerjisinə olan tələbatı tam şəkildə bərpaolunan enerji mənbələri hesabına ödənilib".
Nazir qeyd edib ki, bu nəticələr Azərbaycanda "yaşıl enerji" sahəsində görülən işlərin artıq bəhrəsini verdiyini göstərir: "Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) də vurğuladığı kimi, ölkələrin enerji keçidində uğuru artıq yeni hədəflərin elan edilməsi ilə deyil, müəyyənləşdirilmiş hədəflərin nə dərəcədə həyata keçirilməsi ilə ölçülür. Bu baxımdan, Azərbaycanda günəş və külək elektrik stansiyalarının planlaşdırılmış qrafikə uyğun istifadəyə verilməsi 2027-ci ilə qədər bərpaolunan enerji mənbələrinin ümumi qoyuluş gücündə payını 33,3 %-ə çatdırmaq hədəfinə doğru ardıcıl irəliləyişi nümayiş etdirir".