KİV: ABŞ və Türkiyə ekspertləri Honkonqdakı təyyarə qəzasının araşdırılmasına kömək edəcəklər

Digər ölkələr
  • 23 oktyabr, 2025
  • 09:02
KİV: ABŞ və Türkiyə ekspertləri Honkonqdakı təyyarə qəzasının araşdırılmasına kömək edəcəklər

ABŞ-nin Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Şurası (NTMŞ) yük təyyarəsi ilə bağlı baş vermiş insidentin araşdırılmasında iştirak etmək üçün Honkonqa ekspertlər göndərir.

"Report"un South "China Morning Post" qəzetinə istinadla verdiyi məlumata görə, araşdırmaya Türkiyənin Mülki Aviasiya İdarəsinin ekspertləri də yardım edəcəklər.

"NTMŞ bazar ertəsi Honkonq Beynəlxalq Hava Limanında Türkiyənin yük aviadaşıyıcısı "ACT Airlines"a məxsus "Boeing 747-418" təyyarəsinin uçuş-enmə zolağından kənara çıxması ilə bağlı araşdırmada Honkonq Aviasiya Hadisələrinin Araşdırılması İdarəsinə yardım etmək üçün beş müstəntiqdən ibarət qrup göndərir", - deyə qurumun açıqlamasında qeyd olunub.

Honkonqun nəqliyyat və logistika məsələləri üzrə katibi Meybl Çan bildirib ki, ötən çərşənbə günü Türkiyə tərəfi ilə araşdırmaya yardım məsələsini müzakirə edib. "Türkiyə rəsmiləri bu işlərin aparılmasında tam dəstək və əməkdaşlıq göstərəcəklərini təsdiqləyiblər. Onlar hadisə ilə bağlı ekipajın Honkonqda qalacağını və istintaqa fəal şəkildə yardım edəcəyini bildiriblər", - deyə o bildirib.

"Bir neçə gün ərzində Türkiyə Mülki Aviasiya İdarəsinin ekspertləri araşdırmaya yardım etmək üçün Honkonqa gələcəklər. Türkiyə rəsmiləri həmçinin aviadaşıyıcının nümayəndələrinin həlak olmuş şəxslərin ailələri ilə görüşünü təşkil etməyə hazır olduqlarını bildiriblər", - deyə Meybl Çan əlavə edib.

Hazırda araşdırma Honkonq polisi tərəfindən aparılır. İstintaqın gizliliyi səbəbindən nəticələr barədə heç bir məlumat açıqlanmayıb.

Xatırladaq ki, bazar ertəsi Dubaydan "Emirates EK9788" reysi ilə uçan yük təyyarəsi Honkonqda eniş zamanı uçuş-enmə zolağından çıxaraq dənizə düşüb. Hadisə zamanı təyyarə yer xidmətinə məxsus avtomobilə çırpılıb və avtomobildə olan iki nəfər həlak olub. "Emirates" nümayəndəsinin jurnalistlərə verdiyi məlumata görə, bu təyyarə və onun ekipajı Türkiyənin "ACT Airlines" aviadaşıyıcısından lizinq əsasında icarəyə götürülüb. Təyyarənin dörd ekipaj üzvündən heç biri xəsarət almayıb. "South China Morning Post" qəzetinin müraciət etdiyi hüquqşünaslar xəbərdarlıq ediblər ki, əgər insidentin səbəbi pilotların səhlənkarlığı olarsa, onlara ehtiyatsızlıqdan adam öldürmə ittihamı irəli sürülə bilər. Yerli qanunvericiliyə əsasən, bu cinayətə görə ömürlük həbs cəzası nəzərdə tutulur.

Son xəbərlər

Bütün Xəbər Lenti