KİV: İŞİD-in başçıları Suriyanın Rakka şəhərindən qaçır

Digər ölkələr
  • 29 mart, 2017
  • 08:46
KİV: İŞİD-in başçıları Suriyanın Rakka şəhərindən qaçır

Bakı. 29 mart. REPORT.AZ/ Terrorçu İŞİD qruplaşmasının rəhbərləri Suriyanın Rakka şəhərindən qaçmağa başlayıb.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, bu haqda Suriya İnsan Haqları Müşahidə təşkilatı məlumat yayıb.

İnformasiyaya əsasən, son sutkada İŞİD-in 80-ə yaxın fəalı ailə üzvləri ilə birlikdə qayıqla Fərat çayından keçiblər.

Xəbərdə bildirilib ki, bu terrorçuların Rakkadan qaçışının ikinci dalğasıdır. Təxminən iki həftə əvvəl İŞİD-in 300-ə yaxın daha aşağı vəzifəlisi şəhəri tərk edib. Onların Suriyanın Dirəz-Zur əyalətinin Hama bölgəsinə qaçdıqları ehtimal edilir.

Məlumata görə, İŞİD liderlərinin Mosuldakı ailə üzvləri də oradan qaçıblar. Bu qaçqın axınında İŞİD-in başçısı Əbu Bəkr əl-Bağdadinin olduğu da ehtimal edilir.

Qeyd edək ki, bu terrorçu qruplaşma Suriyanın Rakka şəhəriNİ “paytaxt” elan etmişdilər. Bu şəhərin terrorçulardan təmizlənəcəyi ilə bağlı əməliyyatların başlayacağı haqda da xəbərlər yayılıb.

44 - Tezliklə