Kallas: Avropanın təhlükəsizliyi ilə bağlı müzakirələr Ukraynada atəşkəsdən sonra mümkündür

Digər ölkələr
  • 13 noyabr, 2026
  • 14:36
Kallas: Avropanın təhlükəsizliyi ilə bağlı müzakirələr Ukraynada atəşkəsdən sonra mümkündür

Avropa İttifaqı (Aİ) Rusiyanın Avropanın təhlükəsizlik arxitekturası ilə bağlı tələblərinin müzakirəsinə vaxt ayırmadan, sülh nizamlanmasına doğru ilk addım kimi Ukraynada atəşkəsin əldə olunmasında israr etməlidir.

"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri Kaya Kallas Dublində Aİ ölkələrinin dövlət və hökumət başçılarının qeyri-rəsmi görüşündən əvvəl bildirib.

"Ən vacibi razılaşmaya əməl etməkdir: əvvəlcə atəşkəs, sonra sülh sazişi və yalnız bundan sonra gələcəkdə nə olacağı ilə bağlı istənilən digər müzakirələr", - Kallas deyib.

Onun sözlərinə görə, hazırkı mərhələdə Avropanın təhlükəsizlik arxitekturası barədə müzakirələr diqqəti əsas vəzifədən - atəşkəsdən yayındıra bilər.

"Əgər biz Rusiyanın təhlükəsizlik arxitekturası ilə bağlı tələb etdiyi məsələləri müzakirə etməyə başlasaq, tələyə düşərik", - o vurğulayıb.

Kallas həmçinin bildirib ki, Aİ danışıqlar üçün özünün maksimal tələblərini işləyib hazırlamalıdır, çünki Rusiya maksimalist şərtlər irəli sürür.

"Əgər bir tərəf maksimal tələblərlə başlayırsa, digəri isə heç nə istəmirsə, belə danışıqların nə ilə bitəcəyini təxmin etmək olar", - Avropa diplomatiyasının rəhbəri qeyd edib.

O əlavə edib ki, Aİ ölkələrinin xarici işlər nazirləri ilə birlikdə müvafiq təkliflər hazırlayıb.

Kallas həmçinin vurğulayıb ki, avropalılar Ukrayna üzrə danışıqlarda sadəcə iştirak etməməli, eyni zamanda onların nəticələrinə real təsir göstərməlidirlər. Bu baxımdan o, Aİ dövlətlərinin birliyinin zəruriliyinə diqqət çəkərək qeyd edib ki, ittifaq daxilindəki istənilən fikir ayrılığı digər tərəfin xeyrinə işləyir.

Aİ diplomatiyasının rəhbəri ayrıca olaraq bildirib ki, süni intellektin hərbi məqsədlər üçün tətbiqi, xüsusən də hədəflərin aşkarlanması üçün pilotsuz uçuş aparatlarının süni intellekt sistemləri ilə təchiz edilməsi bugünkü sammitdə müzakirə mövzusu olacaq. Onun sözlərinə görə, bu cür texnologiyalar artıq Ukraynada döyüş meydanında tətbiq olunur və onlardan istifadə mülki əhalinin müdafiəsini nəzərdə tutan beynəlxalq humanitar hüquqa uyğun olmalıdır.