İtaliyada məktəblərə mümkün partlayışlarla bağlı təhdidlər daxil olmaqda davam edir

Digər ölkələr
  • 12 noyabr, 2026
  • 22:43
İtaliyada məktəblərə mümkün partlayışlarla bağlı təhdidlər daxil olmaqda davam edir

Bu gün bütün İtaliya üzrə 3 778 məktəbə partlayış təhdidləri olan elektron məktublar daxil olub və 77 təhsil müəssisəsi təxliyə edilib, onların 36-da dərslər artıq bərpa olunub.

"Report" yerli mediaya istinadən xəbər verir ki, bu barədə İtaliyanın Nazirlər Şurası təhlükəsizlik üzrə idarələrarası komitənin iclasının yekunlarına əsasən məlumat yayıb.

Fövqəladə iclas fəaliyyətlərin əlaqələndirilməsi, şagirdlərin, müəllimlərin və məktəb personalının təhlükəsizliyinin təmin edilməsi məqsədilə çağırılıb.

Qeyd olunub ki, xüsusi texniki komitə bu cür təhdidlərə cavab tədbirləri kompleksini hazırlayacaq. Yeni prosedurlar təkcə təhsil müəssisələrinə deyil, həm də digər potensial obyektlərə şamil ediləcək.

İtaliyanın Baş naziri Corcia Meloni həmçinin vəziyyəti zəruri qanunvericilik təşəbbüslərini dəstəkləməyə hazır olduqlarını bildirən müxalifət liderləri ilə müzakirə edib.

Xatırladaq ki, çərşənbə günü ölkənin 6 mindən çox məktəbinə analoji mesajlar daxil olub, bu da irimiqyaslı təxliyələrə səbəb olub. "Il Fatto Quotidiano" qəzetinin hesablamalarına görə, fövqəladə vəziyyətin bir gündə vurduğu ziyan təxminən 3 milyon avro təşkil edib.