İspaniya Baş nazirinin xanımı qızının məzun günündə iştirak üçün ölkədən çıxış icazəsi tələb edir
- 30 iyun, 2026
- 15:38
Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniyanın Baş naziri Pedro Sançesin həyat yoldaşı Beqonya Qomes NATO sammitinin keçiriləcəyi Ankaraya səfər etməsinə icazə verilməsi xahişi ilə hakim Xuan Karlos Peynadoya müraciət edib.
"Report" xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.
Qomes həmçinin məhkəmədən qızının buraxılış gecəsinin keçiriləcəyi Londona getməsinə icazə verməsini xahiş edir.
Onun vəkili Antonio Kamaçonun bu vəsatəti qaldırmasına səbəb hakimin bu yaxınlarda Qomesin pasportunu müsadirə edərək İspaniyanı tərk etməyi qadağan etməsidir.
Qeyd edək ki, aprelin 13-də hakim Qomesə qarşı nüfuzdan sui-istifadə və rüşvətxorluq ittihamları irəli sürüb. Qomesə qarşı istintaq bu yaxınlarda növbəti dəfə istefa verməkdən və növbədənkənar seçkilər elan etməkdən imtina edən Baş nazir Pedro Sançesə qarşı siyasi təzyiqi gücləndirir.