Gürcüstanda turistlərin düşdüyü qəzada 4 nəfər ölüb, 15 nəfər xəsarət alıb - YENİLƏNİB
- 13 avqust, 2026
- 11:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstanın Quriya regionunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 4 Belarus vətəndaşı həlak olub, aralarında 6 azyaşlı uşaq olmaqla 15 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
"Report" xəbər verir ki, bu barədə BELTA Belarus Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinə istinadən məlumat yayıb.
Yaralılardan ikisi reanimasiyadadır.
"Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, mikroavtobusun sürücüsü nəqliyyat vasitəsinin təhlükəsiz idarə olunmasını təmin etməyib, nəticədə mikroavtobus yoldan çıxaraq dərəyə aşıb", - XİN-dən bildirilib.
Yol-nəqliyyat hadisəsi avqustun 12-də içərisində 19 Belarus vətəndaşının olduğu "Mercedes-Sprinter" markalı mikroavtobusun iştirakı ilə baş verib.
Gürcüstanın qərbində yerləşən Quriya bölgəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində azı 4 Belarus vətəndaşı həlak olub.
"Report" xəbər verir ki, bu barədə "Interpressnews" informasiya agentliyi məlumat yayıb.
Qeyd olunub ki, turistləri daşıyan mikroavtobus Qomismta kurort qəsəbəsindən Ozurqeti şəhərinə gedərkən qəzaya uğrayıb. İlkin məlumata görə, sürücü idarəetməni itirib və mikroavtobus yol kənarındakı dərəyə düşüb.
Qəza nəticəsində bir neçə sərnişin, o cümlədən uşaqlar xəsarət alıb. Yaralılar müxtəlif klinikalara çatdırılıb. Mikroavtobusun sürücüsünün xəsarət almadığı bildirilir.
Gürcüstan Daxili İşlər Nazirliyi hadisə ilə bağlı cinayət işi açıb. İş iki və ya daha çox şəxsin ölümü ilə nəticələnən nəqliyyat vasitəsinin hərəkəti və ya istismarı zamanı təhlükəsizlik qaydalarının pozulması maddəsi ilə araşdırılır. Həmin maddə üzrə 6 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.