Fransada Baş nazirin istefası ilə bağlı nümayişlər keçirilib

Digər ölkələr
  • 09 sentyabr, 2025
  • 01:38
Fransada Baş nazirin istefası ilə bağlı nümayişlər keçirilib

Fransada Baş nazir Fransua Bayru Milli Assambleyada (parlamentin aşağı palatası) hökumətə etimad səsverməsi zamanı kifayət qədər sayda deputatın dəstəyini ala bilmədiyi üçün ölkə sakinləri müxtəlif şəhərlərdə meriya binaları qarşısında pikniklər və şənliklər təşkil ediblər.

"Report" xəbər verir ki, bu barədə "Publik Senat" telekanalı məlumat yayıb.

Qeyd olunur ki, səsverməyə bir neçə gün qalmış media artıq Baş nazirin istefası ehtimalı barədə yazarkən sosial şəbəkələrdə meriyaların qarşısında toplantıların təşkili çağırışları yayılmağa başlayıb.

Nəticədə Lionda "Yolda" və "Əlvida, Bayru!" şüarları altında "kütləvi şənliklər" keçirilib, Brest meriyasının qarşısında böyük toplantı təşkil olunub.

"Bu "vida mərasimləri" istehza və etirazla doludur. Baş nazir Milli Assambleya qarşısında öz vəzifəsində qalmaq hüququnu müdafiə etməyə çalışdığı halda bu toplantılar həm də ümumi etimadsızlıq mühitini əks etdirir", - reportajda bildirilir.

Sosial şəbəkələrdə istifadəçilər ölkənin hər yerindən kadrlar paylaşırlar: insanlar küçənin ortasında çadırlar qurur, orada içkilər qəbul edir və qəlyanaltı verir, atəşfəşanlıq edir, mahnı oxuyurlar. "Revolution Permanente" assosiasiyasının məlumatına görə, 500-dən çox adam Baş nazirin qarşıdan gələn istefasını qeyd etmək üçün Qrenobla toplaşıb. "Ouest France" qəzeti Nantda 300 nümayişçinin, yüzlərlə insanın Havr, Eks-an-Provans, Bordo və Lil bir çox başqa şəhərlərinin meydanlarına toplaşdığını bildirib. Lionda şənlik yüzlərlə insanın siyasi və polis əleyhinə şüarlar səsləndirdiyi şəhər küçələrində kütləvi yürüşə çevrilib və nəticədə polis gözyaşardıcı qazdan istifadə edib.