Fransa parlamenti büdcə layihəsini rədd edib, hökumət misli görünməmiş tədbirlərə əl ata bilər
- 05 noyabr, 2026
- 16:49
Yeniliklərdən dərhal xəbərdar olun!
Fransa Milli Assambleyası 2027-ci il dövlət büdcəsi layihəsinin birinci hissəsini yekdilliklə rədd edib. Bu, parlamentdə çoxluğa malik olmayan və xərclərin 43 milyard avro azaldılmasına nail olmağı hədəfləyən Baş nazir Sebastyan Lekornyunun hökumətinə təzyiqi artırıb.
"Report"un Avropa bürosu Fransa mediasına istinadən xəbər verir ki, büdcənin gəlirlər hissəsinin əleyhinə 458 deputat səs verib, iki deputat isə bitərəf qalıb.
Nəticədə deputatlar xərclər bölməsinin müzakirəsinə keçə bilməyiblər. Sənəd noyabrın 20-də müzakirələrin keçiriləcəyi Senata göndərilib.
Hökumət Fransanın büdcə kəsirini 2027-ci ildə ÜDM-in 5 %-nə endirməyi planlaşdırır. Cari ildə bu göstəricinin 5,4 % olacağı gözlənilir.
Lakin deputatların daxil etdiyi, pensiyaçılara və yerli hakimiyyət orqanlarına təsir edən bir sıra qənaət tədbirlərini, eləcə də iri şirkətlərin mənfəətinə tətbiq edilən əlavə vergini ləğv edən düzəlişlər kəsiri ÜDM-in 5,9 %-nə qədər artıra bilər. Bu barədə dövlət hesabları naziri David Amiel bildirib.
Büdcəyə Senatda baxıldıqdan sonra qanun layihəsi yenidən parlamentin aşağı palatasına göndəriləcək. Hökumət ilin sonuna qədər onun qəbul edilməsinə nail olmaq niyyətindədir, lakin parlamentdə çoxluğun olmaması danışıqları əhəmiyyətli dərəcədə çətinləşdirir.
Vəziyyətin daha da çıxılmaz hal alacağı təqdirdə, Lekornyu hökumətə etimadsızlıq votumunun irəli sürülməsi riski ilə yanaşı, büdcəni deputatların səsverməsi olmadan qəbul etməyə imkan verən Fransa Konstitusiyasının 49.3-cü maddəsindən istifadə edə bilər.
Digər bir variant kimi büdcənin ordonans vasitəsilə qəbul edilməsi nəzərdən keçirilir - bu, ölkənin müasir siyasi praktikasında müəyyən konstitusion şərtlər daxilində parlament prosedurundan yan keçməyə imkan verən misli görünməmiş bir addımdır.
Büdcə layihəsinin rədd edilməsi, hökumətin zəif iqtisadi artım və dövlət borcunun artması fonunda fiskal konsolidasiya həyata keçirməkdə çətinliklərlə üzləşdiyi Fransadakı siyasi böhranın növbəti təzahürü olub.