Dövlət Departamenti Ər-Riyada 2 milyard dollarlıq silah satışını təsdiqləyib

Digər ölkələr
  • 16 iyul, 2026
  • 04:47
Dövlət Departamenti Ər-Riyada 2 milyard dollarlıq silah satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına ümumi dəyəri 1,96 milyard dollar olan 20 minədək raket tuşlama dəstinin mümkün satışını təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Səudiyyə Ərəbistanı hökuməti ABŞ-a hava-hava tipli raketlər üçün 10 minədək APKWS-II (Advanced Precision Kill Weapon System) lazer tuşlama dəstinin, eləcə də hava-yer tipli raketlər üçün eyni sayda analoji dəstin alınması ilə bağlı müraciət edib. Dövlət Departamenti bu mümkün sövdələşməni təsdiqləyib.

"Kontraktın ümumi dəyəri 1,96 milyard dollar qiymətləndirilir", – deyə məlumatda qeyd olunub.

Bundan əlavə, ABŞ Səudiyyə Ərəbistanını LAU-131 A/A buraxılış qurğuları, Mk-152 döyüş başlıqları və digər əlaqəli maddi-texniki avadanlıqlarla təmin etməyə hazır olduğunu bildirib. Müqavilə üzrə əsas podratçı qismində BAE Systems korporasiyası nəzərdən keçirilir.

ABŞ administrasiyası silah satışının mümkün təsdiqi ilə bağlı qəbul etdiyi qərar barədə Konqresi məlumatlandırıb. Qanunverici orqanın sövdələşməni araşdırmaq və zərurət yaranarsa, onun qarşısını almaq üçün 30 gün vaxtı var.