Cənubi Koreyanın XİN başçısı Çinin güclənməsindən narahat olmamağa çağırıb

Digər ölkələr
  • 14 noyabr, 2026
  • 10:14
Cənubi Koreyanın XİN başçısı Çinin güclənməsindən narahat olmamağa çağırıb

Cənubi Koreya Çinin güclənməsindən əsassız şəkildə narahat olmamalı və ya onun imkanlarını kiçiltməməlidir.

"Report" xəbər verir ki, bu barədə "Reuters" Cənubi Koreyanın xarici işlər naziri Ço Hyonun bəyanatına istinadən məlumat yayıb.

"Çinə hazırkı səfərim zamanı bir daha əmin oldum ki, biz Çinin güclənməsi ilə əlaqədar nə əsassız qorxular keçirməli, nə də onun imkanlarını və potensialını kiçiltməməliyik", - nazir "X" sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, Seul vətəndaşların və şirkətlərin müstəqilliyinə və yaradıcı potensialına əsaslanaraq qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməlidir.

Bəyanat noyabrın 13-də Pekində Çinin xarici işlər naziri Van Yi ilə danışıqlardan və şam yeməyindən sonra səslənib. Diplomatlar ikitərəfli münasibətləri, Koreya yarımadasındakı vəziyyəti və hər iki ölkənin vətəndaşlarına real fayda gətirəcək əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Danışıqlar noyabrın 18-19-da Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı sammiti ərəfəsində baş tutub. Tədbirdə Cənubi Koreyanın Prezidenti Li Çje Myon iştirak edəcək.

44 filmi