Brnabiç: Serbiyada prezident seçkiləri dekabrın 27-dək keçirilməlidir

Digər ölkələr
  • 30 oktyabr, 2026
  • 20:12
Brnabiç: Serbiyada prezident seçkiləri dekabrın 27-dək keçirilməlidir

Serbiyada prezident seçkilərinin dekabrın 27-dək keçirilməsi nəzərdə tutulur.

"Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiyada müvəqqəti prezident vəzifəsini icra edən Ana Brnabiç Prezident Administrasiyasında keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Konstitusiyaya əsasən, prezident seçkilərinin elan edilməsi üçün son tarix noyabrın 27-dir.

A. Brnabiç qeyd edib ki, dövlət institutları qısa müddətdə formalaşdırılarsa, respublika prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən şəxs də dəyişə bilər.

O, noyabrın 27-dək ən azı parlamentin formalaşacağına ümid etdiyini bildirib. Qeyd edib ki, oktyabrın 25-də keçirilmiş növbədənkənar parlament seçkilərinin müəyyən seçki məntəqələrində təkrar səsverməsi və yekun nəticələrin elan olunmasından sonra parlamentin ilk iclasını mümkün qədər tez çağıracaq.

Brnabiç seçkilərdə qalib gələn siyasi qüvvələri məsuliyyəti üzərinə götürməyə və hakimiyyət orqanlarını operativ şəkildə formalaşdırmağa çağırıb.

O, oktyabrın 25-də seçkilərin nəticələri elan olunduqdan sonra ölkədə baş verən hadisələri qəbuledilməz adlandıraraq, zorakılığın və dövlət institutlarına hörmətsizliyin davam etməməli olduğunu vurğulayıb.

"Seçkilərdə qalib gəlmisiniz, hakimiyyət orqanlarını formalaşdırın. Bu ölkənin vətəndaşlarının zorakılıq tərəfdarları tərəfindən təzyiqlərə məruz qalmasına, dövlət institutlarının alçaldılmasına və tapdalanmasına imkan verməyin", – A. Brnabiç deyib.

O, həmçinin yeni parlament çoxluğunu vətəndaşların, medianın və siyasi rəqiblərin hüquq və ləyaqətinə hörmət etməyə çağırıb.