Böyük Britaniya 20 diplomatını İsraildən geri çağıracaq
- 08 oktyabr, 2026
- 12:39
Yeniliklərdən dərhal xəbərdar olun!
Böyük Britaniya Şərqi Qüdsdəki baş konsul da daxil olmaqla, 20 diplomatını İsraildən çıxaracaq.
"Report" xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar bildirib.
Bu, Londonun İordan çayının qərb sahilindəki İsrail yaşayış məskənlərinə qarşı sanksiyalar tətbiq etməsindən sonra iki ölkə arasında əldə olunmuş razılaşma çərçivəsində həyata keçiriləcək.
Əldə olunmuş razılaşmalara əsasən, Britaniyanın Şərqi Qüdsdəki baş konsulluğu bu gündən etibarən əvvəlki formatda fəaliyyətini dayandıracaq. Bununla belə, Britaniya ona məxsus olan binada mövcudluğunu qoruyub saxlayacaq və burada yeddi diplomat işləməyə davam edəcək. Lakin qurum artıq konsulluq funksiyalarını yerinə yetirməyəcək.
Binadan artıq üzərində "Böyük Britaniyanın Baş Konsulluğu" yazısı olan və konsulluq şöbəsini bildirən lövhələr çıxarılıb.
"Biz aydın bir prinsip müəyyən etdik: İsrail ona qarşı müvafiq cavab tədbiri görülmədən addımların atılmasına yol verməyəcək", - G.Saar bildirib.
Eyni zamanda, razılaşma Londondakı bütün İsrail diplomatlarının öz vəzifələrində qalmasını nəzərdə tutur. Daha əvvəl mediada yayılan məlumatlara görə, Böyük Britaniya cavab tədbiri olaraq 27 İsrail diplomatının ölkədən çıxarılması ehtimalını nəzərdən keçirirdi.
Böyük Britaniyanın xarici işlər naziri Ed Miliband öz növbəsində bildirib ki, London "İsrail hökumətinin təqribən 200 ildir fəaliyyət göstərən Britaniyanın Qüdsdəki baş konsulluğunu bağlamaq üçün qanuni hüququnu tanımır".