Bolqarıstan parlamenti ABŞ təyyarələrinin Bezmer aviabazasında yerləşdirilməsinə razılıq verib

Digər ölkələr
  • 22 iyul, 2026
  • 16:58
Bolqarıstan parlamenti ABŞ təyyarələrinin Bezmer aviabazasında yerləşdirilməsinə razılıq verib

Bolqarıstan Milli Assambleyası ölkə ərazisində ABŞ-yə məxsus səkkizə yaxın hərbi yanacaqdolduran təyyarənin və ekipajlarının, habelə şəxsi silah, döyüş sursatları və aerodrom texnikası ilə təchiz olunmuş 250-yə qədər ABŞ hərbçisinin yerləşdirilməsinə razılıq verib.

Bu barədə "Report" Bolqarıstan mediasına istinadən xəbər verir.

Qəbul edilmiş qərara əsasən, ABŞ qüvvələri ölkənin Yaxın Şərqdəki fəaliyyətini dəstəkləmək üçün 2026-cı il iyulun 24-dən oktyabrın 1-dək Bezmer aviabazasında yerləşdiriləcək. Müvafiq təklif Bolqarıstan Nazirlər Şurası tərəfindən irəli sürülüb.

136 deputat qətnamə layihəsinin lehinə, 13 deputat əleyhinə səs verib, daha 2 nəfər isə bitərəf qalıb.

Bundan başqa, parlament baş nazirə ABŞ qüvvələrinin və texnikasının yerləşdirilməsini təmin etmək üçün zəruri təşkilati işləri görməyi tapşırıb.

Parlamentin Müdafiə Komitəsinin məruzəsinə əsasən, qərarın icrası Bolqarıstan Müdafiə Nazirliyinin 2026-cı il büdcəsindən əlavə vəsaitin ayrılmasını tələb etməyəcək.

44 filmi