Bolqarıstan "Lukoyl"un Aİ-nin sanksiyalar paketindən çıxarılmasına çalışacaq
- 18 iyun, 2026
- 22:23
Yeniliklərdən dərhal xəbərdar olun!
Bolqarıstan Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı hazırladığı növbəti sanksiyalar paketi ilə bağlı artıq bir sıra qeyd-şərtlər irəli sürüb və Rusiyanın Patriarxı Kirillin həmin siyahıya daxil edilməsinə mane olmağa çalışacaq.
"Report"un Avropa bürosu xəbər verir ki, bunu Brüsseldə jurnalistlərə açıqlamasında Bolqarıstan Prezidenti Rumen Radev bildirib.
Onun sözlərinə görə, Bolqarıstan daha əvvəl bildirib ki, ölkənin iqtisadiyyatına zərər vuracaq sanksiyalara yol verməyəcək.
"Sanksiyalar iyul ayında Avropa İttifaqı yanında Üzv Dövlətlərin Daimi Nümayəndələri Komitəsinin (COREPER) iclasında nəzərdən keçiriləcək", - Radev bildirib.
"Burada 'Lukoyl'la bağlı riski (şirkətin Bolqarıstandakı fəaliyyəti - red.), paytaxt metrosunun ehtiyat hissələri ilə təchizatı üçün riski, eləcə də Kənd Təsərrüfatı Nazirliyinin Bolqarıstan və Aİ üçün gübrə tədarükü ilə bağlı narahatlıqlarını da qeyd edə bilərəm", - o deyib və əlavə edib ki, "Neftoxim Burqas" və "Lukoyl"un fəaliyyətinə təhlükə yaranarsa, onların sanksiyalar paketindən çıxarılmasına çalışacaq.
Ukraynanın dəstəklənməsi barədə danışan Radev bildirib ki, Bolqarıstan ümumavropa qərarlarına mane olmayacaq və Kiyevin Avropa İttifaqına daxil olması barədə danışıqlar prosesinin başlanmasını dəstəkləyəcək.