Belçika noyabrın 24-dən etibarən yenidən üçgünlük nəqliyyat xaosu ilə üzləşəcək

Digər ölkələr
  • 19 noyabr, 2025
  • 20:16
Belçika noyabrın 24-dən etibarən yenidən üçgünlük nəqliyyat xaosu ilə üzləşəcək

Belçika nəqliyyat işçiləri 24–26 noyabr tarixlərində üçgünlük tətilə hazırlaşırlar.

"Report"un Avropa bürosunun məlumatına görə, tətilin nəqliyyatın bütün növlərinə qismən və ya tam təsir edəcəyi, həmçinin digər ictimai xidmət sahələrinin işçilərinin də onlara qoşulacağı gözlənilir.

Məlum olub ki, daxili və beynəlxalq qatar reyslərinin, şəhər nəqliyyatının və aviasiya daşımalarının bir çoxu tətil günlərində tam və ya qismən dayandırılacaq.

Brüsselin əsas hava limanı "Zaventem" 26 noyabrda bütün uçuşları ləğv edəcək. Operatorun açıqlamasında bildirilib ki, özəl sektorda ümummilli tətil təhlükəsizlik və yerüstü xidmətlərin fəaliyyətini pozacaq. Həmin gün bütün reyslərin icrasını təmin etmək mümkün olmayacaq, bu isə təhlükəsizlik problemlərinə və həddindən artıq növbələrin yaranmasına səbəb ola bilər. "Zaventem" uçuşları qəbul edəcək, lakin vəziyyətdən asılı olaraq onların da ləğv olunması mümkündür.

Bütün ölkə üzrə həmkarlar ittifaqı aksiyaları 24, 25 və 26 noyabrda keçiriləcək. 24 noyabr bazar ertəsi günü dəmir yolu işçiləri tətilə qoşulacaq. Sərnişinlərdən Belçika Dəmir Yollarının saytında və mobil tətbiqində xəbərləri izləmələri xahiş olunur. Bu tətil ən uzunmüddətli olacaq, 23 noyabr gecə yarısından başlayaraq 72 saat davam edəcək.

25 noyabrda bütün ictimai xidmət sahəsi, digər nəqliyyat növləri, məktəblər, xəstəxanalar, bələdiyyələr və inzibati qurumlar tətilə qoşulacaq. 26 noyabrda isə özəl sektor ümummilli tətil keçirəcək.

Həmkarlar ittifaqlarının bu aksiyası xidmət sahəsində ciddi pozuntulara səbəb olacaq və yeni federal hökumətin planlaşdırdığı sərt qənaət tədbirlərinə – sosial müdafiənin azaldılmasına – cavab olaraq indiyədək ən genişmiqyaslı etiraz olacaq. Həmkarlar ittifaqları alternativlər irəli sürürlər: iri sərvətlərə vergi, texnologiya nəhənglərinin rəqəmsal fəaliyyətinə vergi, şirkətlərə dövlət subsidiyalarının yenidən nəzərdən keçirilməsi.

Ötən ay həmkarlar ittifaqları artıq bir tətil keçirərək nəqliyyat işçilərini fəaliyyətlərini qismən dayandırmağa və Şimal Dəmir Yolu Vağzalından Cənub Vağzalına yürüş etməyə çağırmışdılar. Məktəblər və xəstəxanalar da qismən bu tətilə qoşulmuşdu. Brüsseldə keçirilən həmin aksiyada polis ilə toqquşmalar, yanğınlar və vandalizm qeydə alınmışdı.

Son xəbərlər

Bütün Xəbər Lenti