Axios: Netanyahu Trampın HƏMAS-la bağlı verdiyi reaksiyaya təəccüblənib
- 04 oktyabr, 2025
- 06:46

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampın Fələstinin radikal HƏMAS hərəkatının sülhə hazır olduğunu və yəhudi dövlətinin Qəzza zolağının bombalanmasını dayandırmalı olduğu barədə bəyanatından təəccüblənib.
"Report"un məlumatına görə, bu barədə sosial şəbəkə hesabında Amerikanın "Axios" onlayn portalının jurnalisti Barak Ravid mənbələrə istinadən yazıb.
"İsrail rəsmisinin qeyd etdiyi kimi, Netanyahu prezident Trampın cavabından təəccüblənib", – müxbir yazıb.
Mənbəninn sözlərinə görə, Netanyahu HƏMAS-ın cavabını faktiki olaraq "Trampın planının rədd edilməsi" kimi dəyərləndirib.
Jurnalist aydınlaşdırıb ki, İsrailin Baş naziri bu mövqeyi Trampın bəyanatı dərc edilməmişdən əvvəl ABŞ-la məsləhətləşmələr zamanı açıqlayıb. Mənbənin sözlərinə görə, Netanyahu bu məsləhətləşmələr zamanı "cavab tədbirləri ilə bağlı ABŞ-la koordinasiyanın zəruriliyini" vurğulayıb.
Bundan əvvəl Tramp Truth Social-da yazıb ki, o, HƏMAS-ın davamlı sülhə hazır olduğuna inanır.
Amerika lideri əlavə edib ki, İsrail Qəzzanı bombalamağı dərhal dayandırmalıdır ki, girovlar tez və təhlükəsiz şəkildə azad edilsin.