Aİ və Ukrayna dron alyansı çərçivəsində birgə fəaliyyətə start veriblər

Digər ölkələr
  • 11 sentyabr, 2026
  • 15:05
Aİ və Ukrayna dron alyansı çərçivəsində birgə fəaliyyətə start veriblər

Avropa İttifaqı (Aİ) və Ukrayna pilotsuz uçuş aparatlarının və onlara qarşı mübarizə sistemlərinin birgə işlənib hazırlanmasını və istehsalını sürətləndirməyə yönəlmiş dron alyansı çərçivəsində praktiki işə başlayıblar.

"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Avropa Komissiyasının müdafiə üzrə komissarı Andryus Kubilyus jurnalistlərə bildirib.

Onun sözlərinə görə, "EU-Ukraine Drone Alliance" şurasının ilk iclasında Aİ və Ukraynanın hərəsindən 9 olmaqla 18 təsisçi, o cümlədən istehsalçılar, startaplar və sürətlə inkişaf edən texnologiya şirkətləri iştirak edib.

"Bu, Aİ və Ukraynanın dron alyansının reallığa çevrilməsində irəliyə doğru atılmış tarixi bir addımdır", - Kubilius bildirib.

Kubilyus alyansı Aİ və Ukraynanın müdafiə sənayelərinin daha sıx inteqrasiyası mexanizmi adlandırıb. Onun sözlərinə görə, əsas vəzifələrdən biri Avropa və Ukrayna şirkətləri tərəfindən birgə müəssisələrin yaradılmasının və istehsalın sürətləndirilməsi olacaq.

Alyans həmçinin dronlar və onlara qarşı mübarizə sahəsində birgə Avropa müdafiə layihələrinin, o cümlədən DECODER və "Eastern Flank Watch" layihələrinin həyata keçirilməsinə kömək etməlidir, - Avropa komissarı bildirib.

Onun sözlərinə görə, hazırda Aİ sənayesi ildə təxminən 1,5 milyon dron istehsal edir, halbuki Rusiya pilotsuz aparatlar sahəsində xeyli daha böyük istehsal imkanlarına malikdir. Aİ həmçinin tələbatın formalaşdırılmasından prototipin yaradılmasına qədər olan vaxtı bir neçə ildən bir neçə aya qədər qısaltmalıdır, - o qeyd edib.