Aİ Rusiya enerji daşıyıcılarından imtina kursunun davam etdiyini təsdiqləyib
- 15 sentyabr, 2025
- 15:23

Avropa İttifaqı (Aİ) ABŞ Prezidenti Donald Trampın ötən həftəsonu tələb etdiyi kimi, Rusiyanın qalıq yanacağından tədricən imtina edir.
"Report"un "The Guardian"a istinadən verdiyi məlumata görə, bunu Avropa Komissiyasının (AK) baş nümayəndəsi Paula Pinyo bildirib.
"Rusiyanın qalıq yanacağından tədricən imtina - bu, bizim müharibənin başlanğıcından bəri aydın yol xəritəsi ilə aktiv şəkildə həyata keçirdiyimiz bir şeydir. İndi hətta qalan qazın Aİ-yə daxil olmasının dayandırılması ilə bağlı təklifimiz var", - o qeyd edib.
P.Pinyonun sözlərinə görə, Aİ bu planın həyata keçirilməsi üzərində aktiv işləyir və artıq aydın mexanizm müəyyən edilib.
O, həmçinin təsdiqləyib ki, 19-cu sanksiyalar paketi hələ də hazırlıq mərhələsindədir və üzv dövlətlərə təqdim edilməyib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bir daha Avropa İttifaqını Rusiya neftini almaqdan imtina etməyə çağırıb. Onun fikrincə, ABŞ-nin Rusiyaya qarşı potensial sanksiyalarının effektiv olması üçün bu son dərəcə vacibdir.