Aİ Çinlə ixrac məhdudiyyətlərini müzakirə edir və əks tədbirləri nəzərdən keçirir
- 03 noyabr, 2025
- 19:19
Çin son günlərdə elan edilmiş nadir torpaq metallarına ixrac məhdudiyyətlərinin dayandırılmasının Avropa İttifaqına da şamil olunacağını təsdiqləyib.
"Report"un Avropa bürosunun məlumatına görə, bu barədə Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç bildirib.
Buna baxmayaraq, Avropa sənayesi, ilk növbədə avtomobil sənayesi, ABŞ və Çin arasındakı ticarət münasibətlərindəki ümumi qeyri-müəyyənlik səbəbindən asılı vəziyyətdə qalır. Ekspertlər deyirlər ki, məhz onlar deyil, Brüsselin özünün Pekinlə danışıqları vəziyyəti çox cəhətdən müəyyən edir.
Avropa Komissiyasında təsdiq ediblər ki, Çinlə ixrac məhdudiyyətləri ilə bağlı məsləhətləşmələr davam edir. Avropa Komissiyasının nümayəndəsi Olof Gill Brüsseldə keçirilən brifinqdə bildirib ki, Çin mikroçip istehsalçıları üçün "etibarlı və təhlükəsiz tədarükü" təmin etməyi vəd edib, lakin bu öhdəliyin yerinə yetirilməsi ilə bağlı təfərrüatlar hələ dəqiqləşdirilir.
Oktyabr məhdudiyyətlərinin "dondurulması" bütün məsələlərin həlli demək deyil, çünki Pekinin aprel ayındakı yenilikləri qüvvədə qalır. Cümə günü ixrac nəzarəti üzrə dialoq çərçivəsində Çin tərəfi ilə görüş zamanı məhz bu məsələ müzakirə olunub və bu üzbəüz görüşün nəticələrinə dair komissiyanın bəyanatında qeyd edilib.
Apreldə Pekin şirkətləri nadir torpaq metallarını ixrac etməzdən əvvəl lisenziya almağa məcbur edən qaydalar tətbiq edib ki, bu da Aİ sənaye nümayəndələrinin narazılığına səbəb olub.
Avqustdan etibarən Avropa şirkətləri yüksək texnoloji sənayenin bir çox sahələri üçün mühüm əhəmiyyət kəsb edən yarımkeçiricilər və çiplərin çatışmazlığı səbəbindən istehsalatın bir hissəsinin dayandırılmasından şikayət edirlər.
Gillin sözlərinə görə, Brüssel nadir torpaq metalları və Avropa sənayesi üçün zəruri olan digər əsas komponentlərin tədarükü ilə bağlı "sabit və proqnozlaşdırıla bilən ticarət şərtlərinə nail olmağa çalışır".
Bu halda, danışıqların mənfi nəticələri şərti ilə Aİ-nin cavab tədbirləri, o cümlədən mümkün ticarət məhdudiyyətləri məsələsi gündəmdə qalır.
"Bloomberg"in əvvəllər məlumat verdiyi kimi, Avropa Komissiyası bəzi Çin ixracatçılarını Avropaya mal göndərərkən nadir torpaq və digər vacib materialları təmin etməyə məcbur edə biləcək yeni ticarət qaydası müzakirə edir. Pekinin nəzarətini zəiflətmək üçün Aİ-nin öz ixrac məhdudiyyətlərindən istifadə edib-etməməsi məsələsi də nəzərdən keçirilir. Lakin bütün bunlar hələ ilkin mərhələdədir.
Keçən həftə Pekin ÇXR sədri Si Cinpin və ABŞ Prezidenti Donald Trampın görüşündən sonra elan edildiyi kimi, yeni ixrac məhdudiyyətlərinin tətbiqini bir il müddətinə təxirə salmağa razılaşıb. Bundan sonra Aİ dərhal Çindən bu qərarın bloka üzv ölkələrə də şamil olunacağına dair zəmanətlər istəyib.
Şefçoviç bildirib ki, Brüssel və Pekin "ixrac nəzarəti üzrə yüksək səviyyəli rəsmi danışıqlar aparırlar". "Mən çox tezliklə Çinli həmkarımla yenidən danışacağam", - deyə o, ötən həftə sonu Romada jurnalistlərə bildirib. O, həmçinin əlavə edib ki, Avropa İttifaqı ayrı-ayrı təchizatçılardan asılılığı azaltmaq üçün kritik vacib xammal ehtiyatlarının birgə alınması imkanını nəzərdən keçirir.