Ağ Evdə Konqresə aralıq seçkilərində ehtimal olunan məğlubiyyətə hazırlaşırlar

Digər ölkələr
  • 05 may, 2026
  • 04:17
Ağ Evdə Konqresə aralıq seçkilərində ehtimal olunan məğlubiyyətə hazırlaşırlar

Ağ Ev administrasiyası ABŞ-nin icra hakimiyyəti strukturlarındakı siyasi təyinatlıları Respublikaçılar Partiyasının qarşıdan gələn payız aralıq seçkilərindəki ehtimal olunan məğlubiyyətinə hazırlamağa başlayıb.

"Report" xəbər verir ki, bu barədə "The Washington Post" (WP) qəzeti yazıb.

Nəşr iki anonim mənbəyə istinadən qeyd edir ki, Ağ Evin hüquq xidməti ölkənin icra hakimiyyəti sistemindəki siyasi təyinatlılar üçün qapalı brifinqlər təşkil edir, noyabrda keçiriləcək səsvermədə demokratların gözlənilən qələbələri halında onlara konqres nəzarətinin gücləndirilməsinə hazırlığın optimal yollarını izah edir.

"Hamı üçün bu tamamilə aydın ssenaridir", - respublikaçıların noyabrda məğlubiyyət perspektivi barədə brifinqdə şəxsən iştirak etmiş mənbələrdən biri bildirib. O bu hazırlıq fəaliyyətini "vəziyyətin ayıq qiymətləndirilməsi" kimi təsvir edib. WP-nin materialından belə məlum olur ki, Amerika administrasiyası daxilində Respublikaçılar Partiyası üçün "hadisələrin inkişafının ən əlverişsiz variantlarına hazırlaşmaq vaxtının çatdığına" dair əminlik güclənir.

Analoji qiymətləndirmələr "Politico" nəşrinin materialında da yer alıb. Qəzetin məlumatına görə, sıravi respublikaçılar arasında ümidsizlik hissi müşahidə olunur. "İlk dəfədir ki, ABŞ vətəndaşlarının əksəriyyəti Prezident Donald Trampın iqtisadiyyatı səmərəli idarə etmək bacarığına inamını itirib. Əgər o və ətrafı bu tendensiyanı qıra bilməsə, respublikaçılar noyabrda bunun bədəlini ağır ödəməli olacaqlar", - Ağ Evə yaxın siyasətçi nəşrə bildirib.

ABŞ-də aralıq seçkiləri noyabrın 3-nə təyin edilib. Səsvermə zamanı Senatın tərkibinin üçdə birinin və Konqresin Nümayəndələr Palatasının tam tərkibinin yenidən seçilməsi nəzərdə tutulur. Hazırda hər iki palata respublikaçıların nəzarətindədir.