ABŞ sentyabrda Venesuela ilə enerji sazişi bağlamağı planlaşdırır

Digər ölkələr
  • 29 avqust, 2026
  • 03:21
ABŞ sentyabrda Venesuela ilə enerji sazişi bağlamağı planlaşdırır

ABŞ artıq sentyabrda Venesuela ilə uzunmüddətli enerji sazişi bağlamağı planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə "The Washington Post" Vaşinqton və Karakas arasındakı danışıqların gedişatı ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ-nin dövlət katibi Marko Rubio və energetika naziri Kris Rayt sazişin bağlanmasını elan etmək üçün sentyabrın əvvəlində Venesuelaya səfər etməyi planlaşdırırlar. Bununla belə, neft-qaz sənayesinin bəzi mütəxəssisləri bu müddətə qədər əhəmiyyətli bir razılaşmanın hazırlana biləcəyinə şübhə ilə yanaşırlar.

Qəzet qeyd edir ki, razılaşmaya aparan yolda bir sıra maneələr, o cümlədən təbii sərvətlər üzərində nəzarətin ABŞ-yə verilməsinə Venesuela daxilindəki müqavimət qalmaqdadır. Sazişin həyata keçirilməsi üçün Venesuela Konstitusiyasına dəyişikliklərin edilməsinin tələb olunacağı istisna edilmir.

Mənbələrin məlumatına görə, tərəflər ən azı 17 neft yatağının uzunmüddətli icarə hüququnun ABŞ-yə verilməsini müzakirə edirlər. Söhbət Venesuelanın neft ehtiyatlarının təxminən üçdə birini əhatə edəcək müqavilələrdən gedir. Bu, Vaşinqtona təxminən 90 milyard barel Venesuela neftinə çıxış əldə etməyə imkan verə bilər.

Avqustun 27-də "Axios" portalı yazıb ki, ABŞ administrasiyasında mümkün saziş möhtəşəm olaraq xarakterizə edilir. Nəşrin məlumatına görə, saziş bağlanacağı təqdirdə, ABŞ-nin neft ehtiyatları iki dəfədən çox arta bilər.

Avqustun 28-də "Bloomberg" xəbər verib ki, Vaşinqton Karakasla bəzi Venesuela neft yataqlarının 100 il müddətinə icarəyə götürülməsi imkanını müzakirə edir.