ABŞ HDQ döyüş gəmilərinin yanacaqla doldurulması üçün iki tanker alacaq
- 13 noyabr, 2025
- 05:12
ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) döyüş gəmilərinin yanacaqla təmin edilməsi üçün iki yeni "Con Lyuis" tipli tanker gəmisinin tikintisi ilə bağlı "General Dynamics" şirkəti ilə müqavilə imzalayıb.
"Report"un məlumatına görə, bu barədə ixtisaslaşmış "Breaking Defense" nəşri yazıb.
1,7 milyard dollar dəyərindəki razılaşma çərçivəsində "T-AO 215" və "T-AO 216" tanker gəmiləri inşa ediləcək. Gələcəkdə ABŞ HDQ bu tipli daha səkkiz tanker almağı planlaşdırır.
Yeni yanacaqdaşıyan gəmilərin tikintisinə 2018-ci ildə başlanılıb və 2022-ci ilin yayında ilk "Con Lyuis" tipli gəmi istismara verilib. Ümumilikdə ABŞ HDQ 20 tankerlik donanma əldə etməyi hədəfləyir.
Bu tip gəmilər ABŞ Hərbi Dəniz Qüvvələrinin Dəniz Nəqliyyatı Komandanlığı tərəfindən istifadə olunur. Tanker-gəmilər aviadaşıyıcı zərbə qrupları və digər gəmi birləşmələrinin təminatı üçün yanacaq və məhdud miqdarda quru yüklər daşıyır. Hər bir gəmidə beş yanacaqdoldurma stansiyası mövcuddur. Tankerlərin silahlanmasına iriçaplı pulemyotlar, "RIM-116 RAM" zenit raket kompleksləri və "Phalanx CIWS" artilleriya sistemləri daxildir.