ABŞ bu həftə Beynəlxalq Cinayət Məhkəməsinə sanksiyalar tətbiq edə bilər
- 22 sentyabr, 2025
- 21:47

ABŞ bu həftənin əvvəlində İsrailin hərbi cinayətləri ilə bağlı araşdırmalara cavab olaraq bütün Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) sanksiya tətbiq etməyi düşünür.
"Report" xəbər verir ki, bu barədə "Reuters" adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.
"ABŞ bu həftənin əvvəlində bütün BCM-yə qarşı sanksiyalar tətbiq etmək imkanını nəzərdən keçirir", - agentlik bildirib.
Altı mənbə agentliyə deyib ki, yaxın vaxtlarda belə "hüquqi şəxslərə qarşı sanksiyalar" barədə qərar gözlənilir. Adı açıqlanmayan bir ABŞ rəsmisi bütün quruma qarşı sanksiyaların nəzərdən keçirildiyini təsdiqləyib, lakin bu mümkün tədbirlərin həyata keçirilməsi üçün vaxt çərçivəsini açıqlamayıb.
Agentliyin məlumatına görə, məhkəmə nümayəndələri mümkün hərtərəfli sanksiyaların nəticələrini müzakirə etmək üçün artıq fövqəladə daxili iclaslar keçiriblər. BCM-ə üzv ölkələrin diplomatları ilə də görüşlər keçirilib.
Məqalədə vurğulanır ki, bir təşkilat kimi məhkəməyə tətbiq edilən sanksiyalar onun işçilərinin maaşlarını ödəmək imkanından tutmuş bank hesablarına və kompüterlərindəki standart ofis proqramlarına çıxışa kimi əsas gündəlik əməliyyatlarına təsir göstərə bilər.