ABŞ 2008-ci ildən ilk dəfə Boliviyaya səfir göndərəcək
- 09 noyabr, 2025
- 04:27
ABŞ hakimiyyəti Boliviya ilə 2008-ci ildə kəsilmiş diplomatik münasibətləri səfir səviyyəsində bərpa etmək niyyətindədir.
"Report"un ABI agentliyinə istinadən məlumatına görə, bu barədə Cənubi Amerika ölkəsinin yeni Prezidenti Rodriqo Pasın andiçmə mərasimində iştirak üçün La Pasa gələn ABŞ dövlət katibinin müavini Kristofer Landau bildirib.
"Biz münasibətləri həmişə vacib olduğu səfir səviyyəsinə qaytaracağıq. Mən bunu çox vacib addım hesab edirəm və ümid edirəm ki, çox tezliklə səfirlər təyin edə biləcəyik", - nəşr Landaunun sözlərini sitat gətirib.
2008-ci ildə Boliviyanın o vaxtkı prezidenti Evo Morales ABŞ-nin səfiri Filip Qoldberqi "persona non qrata" elan edərək, onu müxalifəti maliyyələşdirməkdə və iğtişaşları dəstəkləməkdə ittiham edib. Qısa müddət sonra ABŞ-nin keçmiş prezidenti Corc Buş administrasiyası Boliviya səfirini Vaşinqtondan qovub və Boliviyanı narkotik qaçaqmalçılığı ilə mübarizə üzrə beynəlxalq öhdəliklərə əhəmiyyət verməyən ölkə kimi təqdim edib.