"15 dəqiqəlik şəhər" konsepsiyası dayanıqlı və yaşanabilən şəhərlərin əsas modelidir
- 20 may, 2026
- 17:04
Yeniliklərdən dərhal xəbərdar olun!
"15 dəqiqəlik şəhər" konsepsiyası dayanıqlı və yaşanabilən şəhərlərin əsas modelidir.
"Report" xəbər verir ki, bunu Fransanın Sarbonna Universitetinin tədqiqatçısı, professor Karlos Moreno Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Şəhər icmaları üçün dayanıqlı, davamlı və adekvat mənzil təminatını dəstəkləyən ictimai infrastruktur obyektləri" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, bu gün şəhərlərdəki müasir "3+3" modeli "şəhərlərin piylənməsi", avtomobillərin həddindən artıq çoxluğu, fiziki aktivliyin azalması və qeyri-sağlam urbanizasiya ilə xarakterizə olunur:
"Parisdə Sena çayının sahillərinin avtomobillərdən azad edilərək insanlar üçün açılması bu yanaşmanın nümunəsidir. "15 dəqiqəlik şəhər" modeli XX əsrin funksiyaların sərt şəkildə ayrıldığı zonalaşdırma prinsipindən uzaqlaşmağı hədəfləyir. Bu model insanların gündəlik ehtiyaclarını yaşadıqları əraziyə yaxın məsafədə qarşılamağa imkan verir. Konsepsiyanın əsas prinsipləri sırasında əsas xidmətlərə yaxınlıq, qarışıq istifadəli məkanlar, yüksək keyfiyyətli ictimai məkanlar, səmərəli ictimai nəqliyyat, aktiv mobillik, sosial inklüzivlik və texnologiyaların həyat keyfiyyətinə xidmət etməsi yer alır".
K.Moreno bildirib ki, konsepsiya tranzityönümlü inkişaf modeli ilə uyğunluq təşkil edir və aşağı karbonlu mobillik, velosiped üçün əlverişli infrastruktur, daha kompakt şəhərlərin formalaşdırılmasını təşviq edir:
"Polisentrlik şəhər modeli iş yerləri, xidmətlər və ictimai məkanların nəqliyyat infrastrukturu ilə inteqrasiya olunduğu şəhər mühiti yaratmaqdır. Bu model yaşamaq, işləmək, təminat almaq, qayğı görmək, öyrənmək və əylənmək kimi əsas funksiyaların bir məkanda cəmləşməsini nəzərdə tutur".