Qərbi Azərbaycan Xronikası: Ermənilər deyirdilər buradan gedin
- 21 noyabr, 2025
- 22:52
"Baku TV"də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.
"Report" xəbər verir ki, "Ermənilər 1988-ci ildə işi buraxıb nümayişə gedirdilər" adlı veriliş Zəngəzur mahalının, Meğri şəhər sakini Elmira Hümbətovanın həyat hekayəsinə həsr olunub.
O, 1955-ci ildə doğulduğunu, oxuduğu orta məktəbdə 30 şagirdin arasında yeganə azərbaycanlı olduğunu deyib: "Ermənilərin arasında yaşasaq da, milli bayramlarımızı unutmadıq. Novruz bayramında uşaqlar torba atır, Meğrinin hündür dağlarına çıxıb tonqal qalayırdılar".
Onun sözlərinə görə, işlədiyi konserv zavodunun direktoru erməni olsa da işçilərin çoxu azərbaycanlılar olub: "1988-ci ildə nümayişlər başladı, ermənilər işi qoyub nümayişə gedirdi. Biz 10 nəfər azərbaycanlı qız da Meğrinin mərkəzinə nümayişə getdik. Kəndlərdən bayraqlarla gələn ermənilər "Qarabağ bizimdir" deyirdilər. Biz də cavab verirdik ki, "Qarabağ bizimdir, Qarabağ Azərbaycandır". Ermənilər bizə heç nə demədilər.
Nümayiş bitəndən sonra iş yerinə gəldik. Sex rəhbəri bizə dedi ki, niyə getmişdiniz? Mən də dedim ki, biz onların nə danışdığını bilməi idik. Bəlkə onlar bu gecə bizi öldürəcəklər".
E.Hümbətova noyabrdan başlayaraq vəziyyətin dəyişdiyini söyləyib: "Ermənilər nahar vaxtı qazı söndürürdülər, yeməyimizi qızdıra bilmirdik. Yollara daş töküb bağlamışdılar. Deyirdilər ki, çıxın buradan gedin. Biz çətinliklə Meğri dəmiryol stansiyasına gəldik. Zəngilan qatarına minib Bartaza, oradan da avtobusla Mincevan stansiyasına gəldik".
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.