Baş Prokurorluq: Yasamalda yaşayış binasında yanğınla bağlı cinayət işi açılıb
- 21 noyabr, 2025
- 22:56
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla əlaqədər Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları tərəfindən aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birgə hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir.
Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Yanğının baş vermə səbəbinin müəyyən olunması məqsədilə müvafiq istintaq hərəkətləri keçirilməklə ekspertizalar təyin olunub.
Hadisə nəticəsində əmələ gələn tüstüdən 3 nəfər boğularaq ölüb, azı 20 nəfər isə zəhərlənib.
Zəhərlənmiş şəxslər hospitalizasiya olunub, hazırda vəziyyətləri qənaətbəxşdir və onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.
Faktla bağlı Baş Prokurorluqda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.