Şəhid atası: Oğlum Ağdamın işğaldan azad olunmasında fəal iştirak edib
- 27 sentyabr, 2026
- 09:44
Yeniliklərdən dərhal xəbərdar olun!
Şəhid hərbi qulluqçu leytenant Məhəmməd Şəbiyevin atası Vaqif Şəbiyev oğlunun xidmətə başladıqdan üç ay sonra şəhidlik zirvəsinə ucaldığını söyləyib.
Şəhid atası bu sözləri "Report"a açıqlamasında Vətən müharibəsinin 6-cı ildönümü ilə əlaqədar Hərbi Memorial Məzarlığı ziyarəti zamanı deyib.
O bildirib ki, özü də 30 il orduda xidmət edib:
"Oğlum zabit idi. O, Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, həmçinin Heydər Əliyev adına Hərbi İnstitutu bitirmişdi. Leytenant rütbəsi aldıqdan sonra Ağdamda yerləşən hərbi hissələrin birində xidmətə başlamışdı. O, taqım komandiri idi. Məhəmməd Ağdamın işğaldan azad olunmasında, eyni zamanda, qorunmasında fəal iştirak edib. Son döyüşləri Suqovuşan yüksəkliyində olub. Orada komandiri və əsgərləri ilə birgə şəhid olub".
Vaqif Şəbiyevin sözlərinə görə, şəhid Məhəmməd Şəbiyevin zabit olmaq arzusu uşaqlıqdan yaranıb:
"Mən zabit idim, oğlum da mənə baxıb zabit olmaq istəyirdi. 30 il Azərbaycan Ordusunda xidmət etmişəm. Oğlum üç aya məndən də yüksək məqama - şəhidlik zirvəsinə ucaldı. Məhəmməd nişanlı idi, yanvar-fevral ayında toyunu edəcəkdik, oktyabrın 4-ü şəhid oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin".