Üstündə gəzdirdiyi bayraqla şəhid olan Elsevər Qardaşzadə - REPORTAJ
- 20 sentyabr, 2025
- 13:52

2023-cü il 19-20 sentyabrda Azərbaycan yeni tarixinə daha bir şanlı səhifə yazdı.
Ölkəmizin ərazi bütövlüyünün təmin edildiyi 44 günlük Vətən Müharibəsindən sonra ordumuz xalqımızın nəyə qadir olduğunu bir daha dünyaya nümayiş etdirdi. 23 saat ərzində həyata keçirilən lokal antiterror əməliyyatı ilə suverenliyimiz tam təmin olundu. Təbii ki, "Vətənə can fəda!" deyən igidlərimizin qanı və canı bahasına.
"Report" həmin o igidlərdən biri - Lənkəran rayonunun Şaglakücə kəndindən vətən xidmətinə gedən, 19 yaşında şəhadətə yüksələn Qardaşzadə Elsevər Rakif oğlunun ailə üzvləri, müəllimləri və onu tanıyanların fikirlərindən ibarət reportaj hazırlayıb.
Elsevər Rakif oğlu Qardaşzadə 2004-cü ildə Lənkəran rayonunun Şağlakücə kəndində doğulub. 2010-2021-ci illərdə Mənsum Əbilov adına Şağlakücə kənd tam orta məktəbində təhsil alıb. Lənkəran Dövlət Universiteti nəzdində Sosial və Aqrar-Texnoloji Kollecinə daxil olub. 2022-ci ilin aprelində həqiqi hərbi xidmətə çağrılıb. Xidmətinə Xudatda "N"saylı hərbi hissədə başlayıb. Komando birliyinə yazılıb. Əsgəri xidmətini vicdanla yerinə yetirib.

Anası Sərvər xanım deyir ki, Elsevər ona çox bağlı uşaq idi:
"Amma mən onu həmişə yaşından çox böyük görmüşəm. O, sanki zamandan daha irəli getmiş, tez böyümüşdü. Hamıya diqqətli, dürüst idi. Həmişə həqiqəti söyləyərdi. Evin-ailənin qayğıları ilə çox maraqlanardı. O qədər dərrakəli, uzaqgörən oğul idi ki, biz ondan məsləhətsiz iş görməzdik. Xidmətdə olduğu vaxtlarda da tez-tez telefon əlaqəsi saxlayardıq. Heç vaxt çətinlikdən danışmazdı. Bizi hər şeyin qaydasında olduğuna inandırardı. Son dəfə zəng vuranda tez-tələsik danışığından narahat oldum. Soruşdum, boynuna almadı. Təlimdə olduğunu, vaxtının az olduğunu dedi".

Elsevərin atası Rakif kişi də oğlu ilə son danışıqlarında Ağdamda olduğunu bilməyib. Sonda "Hər kəs qismətini yaşayacaq!" - deməsini də oğlunun dinə bağlı, İslamın qaydalarına uyğun həyat tərzi keçirməsinə yozub. İki gün sonra "Vətən sağ olsun! Oğlunuz şəhid olub" xəbərini alıb. Bəli, oğul Vətəni qorumaq üçün böyüdülür. Ailəsi, sevənləri üçün nə qədər ağrılı olsa da Elsevər 19 yaşında ikən əbədiyyətə qovuşdu, şəhidlik məqamına yüksəldi.
Şəhid Elsevər Qardaşzadənin şəhadətindən iki il ötür. Digər şəhid ailələri kimi, bu ailə də hər zaman istər dövlətin, istərsə də el-obanın qayğısı ilə əhatə olunub.
Reportaj hazırladığımız zaman da bunun şahidi olduq. Anım günü ərəfəsində Elsevərin müəllimləri, kənd sakinləri, dostları ailənin ziyarətinə gəlmişdilər. Oxuduğu məktəbin direktoru Nazir müəllim, məktəbin təlim-tərbiyə işləri üzrə müavini Ülviyyət müəllimə, sinif rəhbəri Ruhəddin müəllim hər biri Elsevərin təhsil aldığı illərdə çox tərbiyəli, savadlı, səmimi və aktiv bir şagird olduğundan danışdılar. Onun xüsusi bir idarəetmə bacarığı olan, liderlik keyfiyyətlərinə malik bir gənc olduğunu söylədilər.

Tarix müəllimi Elvin isə onun Vətən müharibəsi günlərində orduda xidmət edə bilmədiyindən necə heyfsiləndiyini xatırlayır. Hərbi xidmətə yola düşməzdən əvvəl müəllimindən halalıq istəməsinin səbəbini isə o, şəhid olandan sonra anlayıb.
Müəllimlərdən biri isə nümunəvi şagird olan Elsevərdən dərs danışmasını istəyir. O isə yarızarafat-yarıgerçək cavab verir ki, "Tarixi özüm yazacağam!" Bu o illər idi ki, həqiqətən Azərbaycan oğulları şanlı Vətən savaşında Zəfər Bayrağını düşmənin köksünə sancmışdı. Yeni tarix yazmışdı. Amma bu tarixin Elsevər kimi neçə-neçə igid oğulların davam etdirəcəyi zamana hələ qalmışdı.
Kənd sakini Səyavuş Ağayevin yaddaşında Elsevər böyük-kiçik yerini bilən, kəndin xeyir-şərində yaxından iştirak edən, gözəl əxlaqlı gənc kimi qalıb. O, yeri gələndə özündən yaşca böyüklərə belə arxa çıxır, müdafiə edərdi: "Biz iki can kimi idik. Qonşuyduq. Mən ondan dörd yaş böyük idim. Amma uşaqlıqdan bir yerdə böyümüşdük, hətta uşaqlar olmayanda belə futbolu iki nəfər oynayardıq. Elsevər də futbol həvəskarı idi. Yoxluğuna alışa bilmirəm. Nəsə çatmır, içimdəki boşluğu heç nə doldurmur. Xidmətini başa vurub qayıtmağına 13 gün qalmışdı son danışığımızda. Hərbi xidmətdən sonra yenidən orduda xidmət etmək qərarına gəlmişdi. Vətənə bağlılığı o qədər idi ki, istədiyi qıza demişdi mənimlə bu həyatı yaşamağa razı olacaqsanmı? Bircə təsəllim odur ki, şəhidlər ölmür, deyirlər! O da əbədiyyəti seçdi. Bütün şəhidlərin qarşısında baş əyirəm! Allah şəhidlərimizə rəhmət eləsin!".

Söhbətimizin sonunda Elsevərin anası daha bir məqamı xatırlayır. Dedi ki, oğlum döyüşə girəndə ürəyinə damıbmış şəhid olacağı. Döş qəfəsindən güllə yarası alıb. Yoldaşları ona ilkin tibbi yardım göstərib, təhlükəsiz yerə təxliyə edib, əməliyyatı davam etdiriblər. Kömək gələndə isə o, artıq haqqa qovuşub. Üzərində iki bayraq olub. Onun birini Elsevərin üstünə, digərini isə şəhid yoldaşının üstünə səriblər.
Qeyd edək ki, Elsevər Qardaşzadə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdam istiqamətində gedən döyüşlərdə şəhid olub. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Silahlı Qüvvələrin hərbi qulluqçusu Elsevər Qardaşzadə Prezident İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda" medalı və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.