Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix
- 26 noyabr, 2026
- 20:14
Yeniliklərdən dərhal xəbərdar olun!
"Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsi çərçivəsində indiki Ermənistanda azərbaycanlıların 1980-ci illərin sonlarına qədər yaşadıqları Urud (indiki Vorotnavan) Azərbaycan kəndinin tarixi haqqında araşdırma dərc olunub.
"Report" xəbər verir ki, bu barədə məqalə "Perished civilization"da yayımlanıb.
Qeyd olunub ki, çar Rusiyası dövründə kəndin adı "Urut", "Rut", sovet dövründə isə "Urut", "Vorotan" kimi yazılıb.
Bildirilib ki, kənd bir neçə əsr ərzində Urud adını daşıyıb. 1968-ci ilin iyulunda Ermənistanda Azərbaycan irsini erməniləşdirmək və məhv etmək siyasəti çərçivəsində kəndin adı dəyişdirilərək Vorotan, 2017-ci ilin iyununda isə Vorotnavan qoyulub.
Kənd 1995-ci ildən Ermənistanın Sünik vilayətinin tərkibindədir.
Erməni mənbələrinin də istinad etdiyi çar dövrünə aid statistik məlumatlara görə, 1914-cü ilə qədər müxtəlif vaxtlarda kənddə yalnız və ya əsasən azərbaycanlıların əcdadları yaşayıblar.
Mənbələrə əsasən, 1831-ci ildə kənddə 11, 1873-cü ildə 222, 1886-cı ildə 211, 1897-ci ildə 359, 1900-cü ildə 360, 1908-ci ildə isə hamısı azərbaycanlıların əcdadları olmaqla 390 nəfər yaşayıb.
1918-1920-ci illərdə erməni silahlı dəstələri və Birinci Ermənistan Respublikasının qoşunları Yelizavetpol quberniyasında, əsasən, Zəngəzurda türk əhaliyə qarşı etnik təmizləmə həyata keçiriblər. Etnik təmizləmə İrəvan quberniyasında, eləcə də digər bölgələrdə, xüsusən də Qarabağ və Naxçıvanda həyata keçirilib.
Arxiv sənədlərinə əsasən, 1917-ci ildə Urud kəndi ermənilər tərəfindən dağıdılıb.
Etnik təmizləmənin nəticələri əvvəlki illərdə kəndin türk sakinlərinin sayını 1922-ci il Sovet Ermənistanı əhalisinin siyahıyaalınmasına dair məlumatlarla müqayisə etdikdə görünür.
1920-ci il noyabrın 29-da Daşnaksütyun hökumətinin hələ də İrəvanda hakimiyyətdə qalmasına baxmayaraq, Sovet Ermənistanı elan edilib. Növbəti gün Sovet Azərbaycanının rəhbərliyi Zəngəzuru Sovet Ermənistanına vermək qərarını qəbul edib. Nəticədə keçmiş Zəngəzur qəzası bölünüb: 1921-ci ilin yayında etnik təmizləmədən sonra əsasən erməni əhalisinin qaldığı qərb hissəsi Ermənistan SSR-in, şərq hissəsi isə Azərbaycan SSR-in tərkibində qalıb.
Azərbaycanlıların qovulmasından sonra kəndin ərazisinə ermənilər yerləşdiriliblər.
2021-2024-cü illərdə "Yoxa çıxmış sivilizasiya" kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyən edilməsi və sənədləşdirilməsi üçün geniş sahə işləri aparılıb. Bu işlərin gedişində kənddə məzar daşlarının bir hissəsinin salamat qaldığı azərbaycanlı qəbiristanlığı aşkar edilib.
Qeyd edək ki, "Qərbi Azərbaycanın yaddaş yerləri" nadir elmi-tədqiqat işidir. Müasir Ermənistan ərazisində aparılan sahə tədqiqatları zamanı ilk dəfə olaraq, müasir azərbaycanlıların əcdadlarının vaxtilə məskunlaşdığı 600-ə yaxın kənd haqqında məlumat toplanıb və sistemləşdirilib. Onların bəzilərində türk mədəni-tarixi irsinin fraqmentləri – qəbiristanlıqlar, pirlər, məscidlər qalıb.