"Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək

Xarici siyasət
  • 26 noyabr, 2026
  • 19:27
Sülh körpüsü təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək

"Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək.

"Report" xəbər verir ki, bunu Ermənistan mediasına "Sülh körpüsü" təşəbbüsünün əlaqələndiricisi, Cənubi Qafqaz Tədqiqatları Mərkəzinin direktoru Fərhad Məmmədov bildirib.

"Əlbəttə, əgər artıq beşinci görüş keçirilirsə və görüşlərimizin hər raundundan sonra iştirakçıların sayı artırsa, cəmiyyətlərimizin bu istiqamətə marağı çoxalırsa, bu, nailiyyətdir. Yəni dialoqun özünün aparılması, fikir mübadiləsi, bu prosesə cəlb olunan insanların sayının artması - bu, artıq nailiyyətdir", - o qeyd edib.

F.Məmmədovun sözlərinə görə, təşəbbüsün iştirakçıları artıq birgə iş və öz cəmiyyətlərində qarşılıqlı fəaliyyət təcrübəsinə malikdirlər. O vurğulayıb ki, Azərbaycan və Ermənistan cəmiyyətləri bir-birindən fərqlənir, fərqli gözləntilərə və dünya qavrayışına malikdirlər, buna görə də sülh gündəliyi kontekstində işləyərkən bu spesifikliyi nəzərə almaq lazımdır.

"Fikir ayrılığı yaradan mövzulara gəlincə, onlar, sözsüz ki var. Bu, çoxsaylı məsələləri əhatə edir. Lakin biz bütün bu mövzular üzrə dürüst və səmimi dialoq aparırıq. Cəmiyyətimizi nəyin narahat etdiyini, hansı mövzuların, səbəblərin olduğunu və nəyə nail ola biləcəyimizi göstərməyə çalışırıq. Bu problemlərin obyektiv və subyektiv səbəbləri var. Əgər, biz bütün problemləri qısa müddətdə həll edə bilmiriksə, istiqamətində konkret addımlar ata biləcəyimiz məsələlərə yönəlirik", - o bildirib.

F.Məmmədov əlavə edib ki, hər bir görüş səmimi söhbətdən ibarətdir və bu zaman həssas məsələlər də daxil olmaqla müzakirələr aparılır: "Bizdə qapalı mövzular yoxdur. Biz bir-birimizə suallar verə və onlara cavab ala bilirik".

Onun sözlərinə görə, təşəbbüsün formatı vətəndaş cəmiyyəti nümayəndələrinin dövlət strukturlarının nümayəndələri ilə birbaşa ünsiyyətini nəzərdə tutur. Xüsusilə, hazırkı görüş zamanı iştirakçılar iki saat ərzində Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyana suallar veriblər.

F.Məmmədov həmçinin qeyd edib ki, budəfəki görüşün fərqli cəhəti ümumi müzakirələrlə yanaşı, ekologiya, iqtisadiyyat, infrastruktur, humanitar əməkdaşlıq və media məsələlərini əhatə edən 6 tematik komitənin fəaliyyət göstərəcəyidir.

"Yəni növbəti mərhələdə nələr edə bilərik, dövlətlərimizə hansı təklifləri verə bilərik – çünki bu da bizim funksiyalarımızdan biridir. Həmçinin fikir ayrılıqlarını necə aradan qaldıra və sülh siyasətinin məzmununu necə zənginləşdirə bilərik", - o əlavə edib.

44 filmi