Şəhid qardaşı: Onun həyat yoldaşı ilə üç övladının da tapılacağına ümidliyik

Daxili siyasət
  • 05 iyun, 2024
  • 12:49
Şəhid qardaşı: Onun həyat yoldaşı ilə üç övladının da tapılacağına ümidliyik

Qardaşımın itkin düşən həyat yoldaşı ilə üç övladının da tapılacağına ümidliyik.

Bunu “Report”un Beyləqana ezam olunan əməkdaşına iyunun 5-də rayonun Milabad qəsəbəsində dəfn olunan Birinci Qarabağ müharibəsinin şəhidi Mehdiqulu Quliyevin qardaşı Ağaməmməd Quliyev deyib.

O, qardaşının nəşinin tapılması ilə ailələrinin gözünün axır ki yoldan yığıldığını bildirib:

“Qardaşım ailə üzvləri ilə birlikdə itkin düşəndə 35 yaşı vardı. Uzun illərdir itkin hesab edilən qardaşımın nəşi axır ki tapılıb torpağa tapşırıldı. Əslində, çox söz deyə bilərəm. Amma ilk olaraq ölkə başçısına təşəkkürümü bildirirəm ki, bununla bizim ailənin gözü yoldan yığıldı”.

A.Quliyev qeyd edib ki, qardaşının tapılması onların ürəyində ümid işığı yandırıb:

“İndiki vaxta qədər hər yerdən əlimiz üzülmüş vəziyyətdəydik. Nagümanlıq bizi ailəlikcə ruhən məhv edib. Ata-anamız son nəfəslərində də qardaşımın, onun ailə üzvlərinin adlarını çəkərək dünyalarını dəyişiblər.

İndi qardaşımın tapılması bizi ümidləndirib. Bu gün qardaşımı dəfn etdik. İnanırıq ki, yaxın zamanlarda qardaşımın həyat yoldaşı və üç övladının da taleyinə aydınlıq gələcək. Nə deyim, qardaşımı dəfn etdik, artıq harada rahatlıq tapdığını bilirik. Hamımızın gözü aydın olsun”.

44 filmi