Rəşad Məcid: Azərbaycanın və Özbəkistanın media birlikləri arasında əlaqələr dərinləşir

Daxili siyasət
  • 30 sentyabr, 2025
  • 17:49
Rəşad Məcid: Azərbaycanın və Özbəkistanın media birlikləri arasında əlaqələr dərinləşir

Azərbaycanın və Özbəkistanın media birlikləri arasında əlaqələr dərinləşməkdədir və artıq ikinci dəfə keçirilən Azərbaycan–Özbəkistan Media Forumu münasibətlərin strateji xarakter aldığını göstərir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Bakıda səfərdə olan Özbəkistan Jurnalistlər İttifaqının sədri Xolmurad Səlimovla görüşündə deyib.

R.Məcid münasibətlərdəki sağlam təməlin bundan sonra daha uğurlu nəticələrin əldə olunması üçün baza rolunu oynayacağına əminliyini ifadə edib. O, MŞ-nin Özbəkistan Jurnalistlər İttifaqı ilə əməkdaşlığını da ümumi işə mühüm töhfə kimi qiymətləndirib.

Özbəkistan Jurnalistlər İttifaqının sədri Xolmurad Səlimov da çıxışında rəhbərlik etdiyi qurumla MŞ-nin sıx təmaslarından söz açıb və bu baxımdan təşkilatların ötən il aprelin 22-də imzaladıqları Əməkdaşlıq Memorandumundan söz açıb.

O bildirib ki, həmin sənəd çərçivəsində Özbəkistandan Azərbaycana, eyni zamanda Azərbaycandan Özbəkistana media təmsilçilərinin səfərləri təşkil olunmaqdadır. Bu səfərlər həm təcrübə mübadiləsi, həm də getdikcə qloballaşan struktura malik dünya media məkanında ortaq maraq və mənafelərin qorunmasına müştərək yanaşmanın nümayişinə dəstək nöqteyi-nəzərdən önəmlidir.

Qeyd edək ki, X.Səlimov Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə keçirilən "Rəqəmsal transformasiya və media" mövzusunda II Azərbaycan–Özbəkistan Media Forumunun iştirakçısıdır. O görüş zamanı Özbəkistan Jurnalistlər İttifaqının fəxri üzvlük vəsiqələrini və döş nişanlarını MŞ sədri Rəşad Məcidə və Şuranın İdarə Heyətinin üzvü Hacıbəy Heydərliyə təqdim edib.

Görüşdə "Azxeber.com" saytının redaktoru Əfsələddin Ağalarova və "Editor.az" saytının baş redaktoru Fərid Şahbazlıya da qurumun fəxri üzvlük vəsiqələri və döş nişanları təqdim olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti