Qərbi Azərbaycan Xronikası: 1937-ci il repressiyaları və irəvanlı ziyalıların faciəsi
- 01 noyabr, 2025
- 23:23
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.
"Report" xəbər verir ki, buraxılışda Əməkdar rəssam Şərif Şərifovun İrəvan memarlığı, karvansaraları və məscidləri, dağıdılmış incilər, Nizami Gəncəvi dövründə miniatürlərin sirri və s. məsələlərlə bağlı fikirlərinə yer verilir.
Bildirilir ki, Qərbi Azərbaycanda mövcud olan sənətlər dünya miqyasında seçilib. İrəvan xanlığının gücü və mədəni yüksəlişi danılmaz faktdır. İrəvanda karvansaraları və məscidləri ermənilər məhv edib. İrəvanın suyu və havası bizə itirilmiş cənnəti xatırladır. İrəvan sənətkarları Aşıq Ələsgərdən Mirzə Qədim İrəvaniyə qədər uzanır.
Ş.Şərifov "qırmızı professor"un taleyi, 1937-ci il repressiyaları və irəvanlı ziyalıların taleyi, Qacar sənət məktəbi, eləcə də İrəvanla bağlı yaddaşdan silinməyən faciələrdən söz açıb.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.