Naxçıvanda 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd edilib

Daxili siyasət
  • 07 mart, 2023
  • 15:24
Naxçıvanda 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd edilib

Naxçıvanda 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd edilib.

“Report”un yerli bürosu xəbər verir ki, Naxçıvanda 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş "Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır" mövzusunda tədbir təşkil olunub.

Tədbir iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyi ilə tanış olublar.

Sonra Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında ailə, qadın və uşaq siyasətinin həyata keçirilməsi sahəsində səmərəli fəaliyyət göstərmiş, muxtar respublikanın ictimai-siyasi və mədəni həyatında fərqlənən qadınlar, ziyalılar, şəhid və qazi analarının iştirakı ilə tədbirin rəsmi hissəsi başlayıb. Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, şəhid Raqib Hüseynovun anası Rəna Hüseynova və Prezident təqaüdçüsü Turac Mehdiyeva bütün qadınları təbrik ediblər. Çıxışlarda qadınların cəmiyyətdəki fəal rolundan söhbət açılıb.

Tədbirdə muxtar respublikanın ictimai-siyasi həyatında fəal iştirak edən 35 qadına Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin müxtəlif nominasiyalar üzrə diplomları təqdim edilib.

Sonra Naxçıvan televiziyasının hazırladığı “Azərbaycan qadını- keçmişimiz və bu günümüz" mövzusunda filmə baxış olub.

Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan şəhər Uşaq-Musiqi İncəsənət məktəbinin və Naxçıvan şəhər 11 nömrəli körpələr evi və uşaq bağçasının balaca fidanlarının hazırladığı kompozisiyalar, rəngarəng mahnı və rəqs nömrələri nümayiş etdrilib.

Tədbirdə iştirak edən qadınlara bayram hədiyyələri təqdim olunub, istedadlı qadınların rəsm və əl işlərindən, eləcə də qadınlar tərəfindən nəşr olunan kitablardan, ailə təsərrüfatı ilə məşğul olan qadınların istehsal etdiyi məhsullardan ibarət sərgiyə baxış olub.