Naxçıvan Azərbaycanın inkişafında strateji mövqeyini sürətlə gücləndirir - RƏY
- 12 avqust, 2026
- 13:28
Yeniliklərdən dərhal xəbərdar olun!
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ilə yanaşı, Naxçıvan da ölkənin dinamik tərəqqi xəritəsində xüsusi yer tutur. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın muxtar respublikaya səfəri Naxçıvanın artan strateji əhəmiyyətinin növbəti bariz göstəricisidir.
Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.
O qeyd edib ki, onilliklər ərzində nəqliyyat blokadasının yaratdığı çətinliklərə baxmayaraq, Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində Naxçıvanda güclü infrastruktur, energetika, sənaye, kənd təsərrüfatı və sosial bünövrə formalaşdırılıb:
"Məhz bu sağlam iqtisadi təməl bu gün muxtar respublikanın keyfiyyətcə yeni inkişaf mərhələsinə keçməsini təmin edir.
K.Bayramov qeyd edib ki, bu yeni mərhələyə hazırlıq artıq geniş miqyasda həyata keçirilir:
"Naxçıvan Muxtar Respublikasının 2023–2027-ci illər üzrə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı infrastruktur, sahibkarlıq, sənaye, kənd təsərrüfatı, energetika və turizmi əhatə edir. Xüsusilə yaşıl energetika sahəsində ciddi irəliləyişlər mövcuddur; muxtar respublika yaşıl enerji zonası elan olunub və 2024-cü ildə istehsal edilən elektrik enerjisinin təxminən 48%-i bərpa olunan mənbələrin payına düşüb. Gələcəkdə Günəş elektrik stansiyalarının tikintisi və Azərbaycan-Naxçıvan-Türkiyə-Avropa enerji dəhlizinin inkişafı nəzərdə tutulur. Eyni zamanda, iqlim imkanları, irriqasiya sistemlərinin modernləşdirilməsi və nəqliyyat əlaqələrinin açılması kənd təsərrüfatı və emal sənayesi məhsullarının Azərbaycan və Türkiyə bazarlarına rahat çıxışını təmin edəcək".
Bununla yanaşı, deputat vurğulayıb ki, yeni avtomobil və dəmir yolları faydalı qazıntıların və sənaye məhsullarının daşınma xərclərini azaldaraq dağ-mədən və sənaye sektorlarının cəlbediciliyini kəskin artırır.