“Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi təmin edilib - VİDEO

Daxili siyasət
  • 28 avqust, 2023
  • 12:59
“Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi təmin edilib - VİDEO

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiəti ilə Gorus-Xankəndi istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib.

“Report”un ərazidə olan əməkdaşı xəbər verir ki, bu gün məntəqədən Gorus-Xankəndi istiqamətində BQXK-yə məxsus ümumilikdə 9 nəqliyyat vasitəsi keçid edib.

Həmin nəqliyyat vasitələrinin içərisində BQXK-nin üzvləri, sürücülər, müşayiətçilər, tibb işçisi və xəstələrdən ibarət ümumilikdə 19 şəxs olub.

Həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin edilib.

Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir.

Həmçinin Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunun blokadada saxlanmasına dair iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.